PDF Oxu

Siyasət

  • 4 379

Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır

Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”
Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların, vətəndaş müharibələrinin, dövlət çevrilişlərinin baş verdiyi halda Azərbaycanda xalq təhlükəsizlik şəraitində yaşayır. Məhz, Prezident İlham Əliyevin apardığı düzgün məqsədyönlü siyasəti nəticəsində ölkəni gözləyən müdaxilələrin, xarici risklərin qarşısı alınır. Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır: “Bu da inkişafımız üçün əsas şərtdir.
Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Milli Məclisdə keçirilən andiçmə mərasimində Ona göstərdikləri dəstəyə, inama, etimada görə, Azərbaycan xalqına minnətdarlıq edərək, dinamik inkişafın qarşıdakı illərdə də davam edəcəyini bildirən Prezident İlham Əliyevin “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm” sözləri ölkədə sabitliyin əsas şərti olan xalq-iqtidar birliyinin əbədiliyini təsdiqləyir.
Əhalinin həmrəylik və birliyinin nümunəsi olan, mütəşəkkilliklə keçirilən prezident seçkiləri Azərbaycan demokratiyasının təntənəsi idi. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 35-cu yerdədir. İnkişafın Azərbaycan modeli müsbət təcrübə kimi öyrənilir. Ölkədə yaranan sabitlik nəticəsində Azərbaycan xarici siyasət sahəsində də böyük zirvələrə çatıb. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbulu zamanı özünü büruzə verdi və 155 dövlət ölkəmizlə həmrəyliyini etimad göstərməklə təsdiqlədi. Bu dəstək həm də, ölkədə sabitliyə verilən dəyər idi.
Faktdır ki, Qərb siyasətinin əsasını təşkil edən islamofobiya kimi təhlükəli meyillər İslam aləmində xoşagəlməz fəsadlarla nəticələnir. Özlərinə yaxın bildikləri müsəlman ölkələrini belə məqamı gəldikdə əzib keçməkdən çəkinməyən “xristian dünyasının sayılıb-seçilmişləri”nin Mərakeşdə, Əlcəzairdə, Tunisdə, Misirdə, İraqda, Suriyada... bir sözlə, Yaxın Şərqdə törətdikləri vətəndaş müharibələri, daxili çəkişmələr, dini təriqətlər arasındakı ixtilaflar nəticəsində bu ölkələrin varlığı belə təhlükə altına qoyuldu. Doğma yurdlarını tərk edən müsəlmanlar münaqişələri törədənlərdən mərhəmət gözləsələr də, nəsibləri təhqir, əzab, əziyyət oldu. Təsirləri altına almaq istədikləri ölkələrdə iğtişaşlara ilk mərhələ olaraq kütlələrin şüuruna “üsyan etmək vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur” kimi qorxulu tendensiya yeridilməsi ilə başlayan Qərb ideoloqları mükəmməl hazırlanmış texnologiyalardan çox “ehtiyatla, zərərli məqsədlərini bəlli etmədən” bəhrələndilər. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri isə artıq məlumdur. Qəribə də olsa demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı müqavimət daha güclü oldu. Bəllidir ki, Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili çəkişmələrə sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.
Azərbaycanın müstəqilliyinin ilk günlərindən rastlaşdığı vəziyyəti xatırlayaq. Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər etsə də təəssüf ki, ölkəmizin bu səmimi münasibəti Qərb tərəfindən lazımınca qiymətləndirilmirdi. Hadisələrdən çıxarılan nəticə bu idi ki, Qərbin siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanır. Qərbin Azərbaycana ögey münasibətinin əsasında da İslam dünyasına rəqib baxışlar davamlı olub. Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasızlıq göstərən, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarının ögey yanaşmasını görərək xarici siyasətini qarşılıqlı münasibətlərə uyğun formalaşdırdı. Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər bir zamanlar Azərbaycan üçün də hazırlanmışdı. 2011-2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın olacağından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün planlar, ssenarilər hazırlanırdı. Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaqla vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərcləndi. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi formalar almışdı. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri aktuallaşırdı. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin inkişafını qorumaq, xarici siyasətində qarşılıqlı əməkdaşlığa hörmətlə yanaşmağa çalışan Azərbaycan xalqı mənfur niyyətlərin qarşısını xalq-iqtidar birliyi sayəsində alaraq xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələr yaratmaqla, əməkdaşlıq coğrafiyasını genişləndirir. Çəkilən zəhmətin bəhrəsi isə sabitlik diyarı kimi tanınan müasir Azərbaycandır.
“Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar sülh tərəfdarı olan Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyini də dəstəkləyir. Prezident İlham Əliyevin siyasi qətiyyəti, iradəsi nəticəsində bütün sənədlərdə, bəyanatlarda bildirilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar status-kvonun yolverilməzliyini bildirməklə, ərazilərin toxunulmazlığını da bəyan edir, münaqişə ilə bağlı ölkəmizin mövqeyi dəstəklənir.
Təbii ki, BMT Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələr münaqişənin həlli üçün hüquqi baza yaradır. Beynəlxalq hüquq normalarının həllinə “kim güclüdür, o da haqlıdır” mövqeyindən yanaşıldığı, ədalətin arxa plana keçirildiyi hallarda hadisələrə ikili standartlardan yanaşma prinsipinin üstünlük təşkil etdiyi bir zamanda müstəqilliyini qorumaqla ən önəmli enerji və nəqliyyat layihələrini reallaşdıran Azərbaycanın risklərdən, təhlükələrdən qorunması düşünülmüş siyasətin təntənəsidir. Müstəqil, yenilməz, min illərlə qorunub saxlanılan dövlətçilik ənənələrinə sadiq qaldığını 11 apreldə ən ləyaqətli namizəd Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bildirən Azərbaycan xalqı gələcək üçün milli ideologiyamızın dövlət siyasətinin əsas istiqamətləri olduğunu da təsdiqlədi. Bütün dünya ictimaiyyəti, beynəlxalq müşahidəçilər Cənab İlham Əliyevin söylədiyi sözlərin reallaşdığını etiraf etdilər: “Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər