Bu gün Respublika Veteranlar Təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Ulu Öndərə həsr olunmuş tədbirdə Respublikanın tanınmış veteranları ilə yanaşı, gənclər, eləcə də Kütləvi İnformasiya Vasitələri nümayəndələri də iştirak edib.Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ilk öncə tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirildiyini diqqətə çatdırıb və Ümummilli Liderlə çiyin-çiyinə çalışmış veteranları tədbir iştirakçıları ilə tanış edib. Sonra Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Natiq Azərbaycan xalqının fəxri, Ulu Öndər Heydər Əliyev barədə yazılan kitablar, çəkilən filmlər barədə iştirakçıları məlumatlandırıb və fəaliyyəti barədə danışaraq onu dünya şöhrətli Bismark və Atatürklə müqayisə edib. Çətin bir zamanda yenidən hakimiyyətə gəlişini xatırladaraq, müstəqilliyimizin əldə edilməsində tövhələrini xüsusilə qeyd edib. 1988-ci ilindən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinin aradan qaldırmasından, həmçinin daxildəki qarışıqlıqda maraqlı olan xarici düşmənlərin bütün planlarını pozmasındam danışan natiq, Umummilli Liderin qayıdışından sonra ölüm-qalım qarşısında qalan Azərbaycanın müstəqil dövlətə çevrildiyini, sabitlik şəraitində uğurlu inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, bu gün Ulu Öndərin uzaqgörən, məqsədyönlü siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Şıxış üçün söz Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyevə verilib. O, öz növbəsində milli kimliyimizin təyin olunmasında Heydər Əliyev şəxsiyyətinin rolunu xatırladıb. R.Mirzəyev xüsusilə qeyd edib ki, Heydər Əliyevlə nəinki Azərbaycan xalqı, hətta digər millətlər, onların sayılıb seçilən nümayəndələri də hər zaman fəxr edib və biz bundan qürur duymaya bilmərik. Gəncləri Ulu Öndərin vətənpərvərlik fəlsəfəsini dərk etməyə, fəaliyyətlərini məhz buna kökləməyə çağıran natiq, xalqa faydalı fəaliyyətlə məşğul olmağı, Heydər Əliyev ənənəsinə xas olan vətənpərvərlik ideyalarına uyğun yaşamağı tövsiyyə edib.Çıxış üçün söz verilən digər natiqlər, professor Fərəc Zahidov, Vladimir Timoşenko, Aydın Əliyev, Musa Bağırov və başqaları Heydər Əliyev şəxsiyyətindən, əvəzolunmaz fəaliyyətindən, uğurlarından danışıblar, Ulu Öndərlə bağlı xatirələrini bölüşdülər. Çıxış edən hər kəs Ümummilli Liderlə bir zamanda və məkanda çalışdıqlarından qürur hissi ilə danışıb və bildiriblər ki, o bizim hamımız üçün bir məktəbdir. Natiqlər tərəfindən xüsusilə vurğulanıb ki, Azərbaycanın ən böyük uğurları Heydər Əliyevin adı ilə bağlıdır. XIV əsrdə Şah İsmayıl Xətai və XVII əsrdə Nadir Şah kimi, Ulu Öndərin də Azərbaycanın vahid dövlət olmasında xidmətləri sadalanıb.Tədbir Umummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
sia.az