“Azərbaycanın ərazilərinin 20%-i uzun illərdir ki, işğal altındadır. Belə vəziyyət həmişəlik davam edə bilməz. İşğala son qoydurmağın son ümid yeri milli ordumuzdur. Ona görə də dövlət büdcəsindən böyük vəsait orduya ayrılır və on illərdir ki, Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, ordumuz müasir texnika və texnologiyalarla təchiz olunub, əsgər və zabitlərimiz pəşəkar hərbiçilərə çevrilib: “Azərbaycan əsgəri və zabitləri ən müasir silahları idarəetmə bacarıqlarına yiyələnib, istənilən an qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə icra etmək iqtidarındadır. Bunu 2016-cı ilin aprel hadisələri də sübut etdi. Azərbaycan ordusu bu gün ən müasir silahlarla və havadan müdafiə sistemləri ilə silahlanıb. Azərbaycan Hərbi Sənayesi Nazirliyi 1000-dən çox çeşiddə silah - sursat istehsal edir.Ordumuz müasir elmi nailiyyətlərlə idarə olunur. Sputnik xidmətlərindən hərbimiz yüksək bacarığla istifadə edir. Beləliklə beynəlxalq hərbi ekspertlərin rəyinə görə, Azərbaycanın Milli Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır. Bütün bunlar nəzərə alınaraq demək olar ki, qarşıdan gələn Silahlı Qüvvələr günündə Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunduğunu göstərməyə qadirdir. Ordu bizim müstəqilliyimizin, təhlükəsizliyin təminatçısıdır. Ən əsası da odur ki, ordumuza yüksək iradəli, düzgün və lazımi anda qərar verən Ali Baş Komandan rəhbərlik edir. Belə yüksək Ali Baş Komandanı olan ordu gələcəkdə də daha da inkişaf etməli, öz gücünü daha da artırmalıdır ki, mənfur düşməni istənilən anda qısa bir zamanda məhv edə bilək”.
sia.az