Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
Azərbaycanda dini tolerantlıq hər zaman yüksək səviyyədə olub və bu amilin özü tarixə əsaslanır. Belə ki, ölkəmizdə dini dözümlülüyün, eləcə də məzhəblərarası qardaşlığın mövcudluğu digər ölkələrə bir örnəkdir, nümunədir. Ümumiyyətlə, dini etiqad azadlığı incə və həssas məqam olduğu üçün, bir çox ölkələr belə bir həssas məqamı yetərincə saxlaya bilmirlər. Lakin Azərbaycanda bu faktor kifayət qədər möhkəm təməllərə söykənir.
İstər xristianlıq, istər iudaizm, istərsə də başqa dinlərin bir-birlərinə qarşılıqlı hörməti əsrlər boyudur ki, Azərbaycanda mövcuddur
Əbəs deyil ki, digər müxtəlif sahələrlə yanaşı, ölkəmizdə dünyanın nüfuzlu din adamları da toplaşaraq, konfranslar və s geniş miqyaslı tədbirlər keçirirlər. Bütün bunlar isə yuxarıda qeyd edilən nüansları təsdiq etməkdədir. Çünki Azərbaycan bir sabitlik, sakitlik ölkəsi olaraq özündə bütün məqamları birləşdirən bir sülh ölkəsdir. İstər xristianlıq, istər iudaizm, istərsə də başqa dinlərin bir-birlərinə qarşılıqlı hörməti əsrlər boyudur ki, Azərbaycanda mövcuddur.Bu arada, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun indoneziyalı jurnalistlərlə görüşü zamanı irəli sürdüyü fikirləri kifayət qədər əhəmiyyətli amillərə söykənir. Belə ki, Azərbaycanda yaşayan hər bir insan, hər bir vətəndaş öz dini etiqadını seçməkdə azaddır və hər kəsin öz işidir. Məhz bu istiqamətdə fikirlərini irəli sürən Əli Həsənova görə, bəzi dindarların guya ölkəmizdə azanın qadağan olunması ilə bağlı iddiaları heç bir həqiqətə söykənmir. “Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur”-deyə qeyd edən Azərbaycan Prezidentinin köməkçisi vurğuyayıb: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Azərbaycanda dini etiqadlara əməl edənlərə qarşı heç bir tələb irəli sürülmür, yaxud izahat alınmır
Əli Həsənova görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir: “Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.Göründüyü kimi, dünyəvi dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda dini etiqadlara əməl edənlərə qarşı heç bir tələb irəli sürülmür, yaxud izahat alınmır. Söz yox ki, bütün bunların təməlimdə dayanan əsas mühüm məqam ölkəmizdə demokratik dəyərlərə göstərilən xüsusi diqqətdir. Bu baxımdan, ölkəmizə olan maraq daha da artır, eləcə də Azərbaycana səfər edən müxtəlif inanclı xarici turistlər burada özlərini azad və firavan hiss edirlər. Ona görə də Azərbaycan bundan sonra da bu istiqamətdə inkişaf edərək və bütün dünyaya nümunə olaraq göstərilən dövlət kimi öz əhəmiyyətini qoruyub-saxlayacaq.
sia.az