Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin süqutu ilə nəticələnən 1993-cü il 4 iyun qiyamının 25 ili tamam olur. Məsələ ilə bağlı SİA-ya açıqlama verən SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, 4 iyun hadisələri bir tərəfdən AXC-Musavat hakimiyyətinin xalqı və dövləti idarə edə bilməməsini sübuta yetirdi, digər tərəfdən isə səriştəsiz hakimiyyətin süqutu ilə xalqın xilas gününü yaxınlaşdırdı. Xatırlayırsınızsa, 25 il bundan əvvəl iyunun 4-də Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı hərbi qiyam qaldırıldı. Sürət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz alındı. Hər iki tərəfdən itkilər oldu. Həmin dövrdə Sürət Hüseynovun itaətsizliyi və Respublika rəhbərliyinin acizliyi, dövləti idarə edə bilməməsi artıq qabarıq şəkildə özünü göstərdi. Gəncəyə göndərilmiş hökumət rəsmiləri Sürət Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkədə vətəndaş müharibəsi gedirdi. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək ölkə rəhbərliyi qarşısında müxtəlif tələblər irəli sürmüşdü. Artıq ciddi böhran və mürəkkəb vəziyyət yaranmışdı”.
Media Qrupun rəhbəri bildirib ki, hələ 1992-ci ildə xalqın adından ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti oldu: “O zamanlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər müraciətə cavab olaraq, ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərdi. Lakin Sürət Hüseynovun bu itaətsizliyi, başlanan vətəndaş müharibəsi və dövlətin dağılmaq təhlükəsi göstərdi ki, xarizmatik bir liderə ehtiyac var. Ulu Öndər, sözün həqiqi mənasında, xarakterinə uyğun olaraq zərurət yarandığı bir dövrdə xalqın çağrıçına səs verdi. Həmin dövr Ümummilli Lider Heydər Əliyevin dövlətinə, xalqına nə qədər bağlı olduğunu göstərdi. Əgər Ulu Öndər gəlməsəydi, Azərbaycan adlı dövlət xəritədən silinə bilərdi. Çünki vətəndaş qarşıdurması artıq ölkədə gərgin bir vəziyyət yaratmışdı. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi və Gəncəyə gedərək hadisə ilə yerində tanış oldu. Bakıya döndükdən sonra Ulu Öndər vəziyyəti təhlil edərək, konkret addımlar atdı və tapşırıqlar verdi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün başlanğıcına start verildi. Qısa müddətdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda sabitlik yaradaraq dövlət quruculuğu prosesinə başladı və Azərbaycanın de-fakto, de-yure müstəqilliyini təmin etdi. Ən əsası isə dövlət çevrilişinə cəhdlərin qarşısı alındı və Azərbaycan hüquqi, dünyəvi dövlət kimi inkişaf dövrünə qədəm qoydu”.
sia.az