Prezident İlham Əliyev Goranboy və Naftalan rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov və aqroparkın direktoru Sənan Qədimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində müxtəlif bölgələrdə ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Region Agropark” da belə müəssisələrdən biridir. Ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Aqropark tərəfindən “Bozdağ massivi” ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpağın biohumus qatının bərpası məqsədilə böyük həcmdə kompos verilib. Torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq akkreditasiya olunmuş “Laben” laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.
Diqqətə çatdırılıb ki, hazırda respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, aqroparkda zəruri infrastrukturun yaradılması məqsədilə qoyulmuş 35 milyon manat dövlət əsaslı investisiya hesabına ərazini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa olunub. Bundan əlavə, 35/10 kV-lıq yarımstansiya da inşa edilib, Lək yarımstansiyasından 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti, Qazıməmməd-Qazax magistral qaz kəmərinin “Ağasıbəyli” Qazpaylayıcı Stansiyasından 12 kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol salınıb.
Sonra Azərbaycan Prezidenti aqroparkın kollektivi ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanda aqroparkların yaradılması dövlət xətti ilə həyata keçirilir. Dövlət özəl sektora daim diqqət və dəstək göstərir: “Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilmişdir. Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. Bu texnikanın bir hissəsi burada nümayiş etdirilir. Bu, dünyanın ən aparıcı şirkətinin texnikasıdır. Dövlət xətti ilə 40-dan çox texnika gətirilmiş və bu aqroparka lizinqə verilmişdir.
Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaqdır. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaqdır.
Bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq.
Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin.
Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.”
Görüşdən sonra dövlətimizin başçısı aqroparkda ilk buğda biçini prosesini izlədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılıb. Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. İnşaat işləri zamanı bütün texniki tələblərə tam riayət olunub. Layihə çərçivəsində 300 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, zəruri yerlərdə minə yaxın yol nişanı və göstərici lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda yol-cizgi xətləri çəkilib. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub. “Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.
Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Kürəkçay” yarımstansiyası barədə də məlumat verildi. Bildirildi ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosial və istehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən “Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli İdarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə “Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir. Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, Prezident İlham Əliyev Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısının həmin mərasimdə verdiyi tapşırıqların icrasına uyğun olaraq 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib. Dövlətimizin başçısı qurğunu işə salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də həmçinin Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gəlib. AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb. Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Dövlət başçısı qeyd edib ki, səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub:
“Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq. Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.
Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür.
Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir. İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində.
Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir.
Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən Prezident kimi Naftalan şəhərinə ilk dəfə olaraq on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.
Son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir. Onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısına raport verdi.
Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.
Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Bu hərbi şəhərcikdə yaradılan şərait bir daha sübut edir ki, dövlətimiz tərəfindən hərbi sahənin potensialının artırılması, əsgər və zabitlərin xidmət şəraitləri ilə yanaşı, məişət şəraitlərinin də yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son dövrlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz müasir silah-sursat, hərbi texnika ilə təmin edilir, yeni hərbi şəhərciklər inşa edilir, mövcud olanları isə ən yüksək səviyyədə yenidən qurulur. Bütün bu tədbirlər Azərbaycan dövlətinin hərbi sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşmasının aydın təzahürüdür.