“26 iyunda nümayiş olunan Azərbaycanın hərbi gücü dünyanın və ilk növbədə, təbii ki, düşmənlərimizin diqqətlə izlədiyi təsirli tarixi hadisəyə çevrildi. Dostlar və düşmənlər üçün çox maraqlı idi ki, ordu quruculuğuna illərdən bəri böyük maliyyə, maddi və insan resursları sərf edən Azərbaycan nəyə nail ola bilib. Hər kəs hər şeyi gözləri ilə gördü və əmin oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “torpaqlarımızın azad olunmasında son sözü qüdrətli ordumuz deyəcək” bəyanatı çox ciddi əsaslara söykənir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, cənab Prezident paraddakı çıxışı ilə Ermənistan rəhbərliyinə, regionumuzda maraqlı olan bütün beynəlxalq dairələrə və Qarabağ danışıqlarında vasitəçilik edən ölkələrə konkret mesajlar verdi: “Bu mesajların yaratdığı ümumi və qiymətli effekt budur ki, Azərbaycan Ermənistanın şıltaqlığını uzun müddət dözməyəcək, Azərbaycan Ordusu ən mürəkkəb vəzifəni icra etmək gücündədir, ordumuzun qüdrəti daim artan dinamik proses içindədir və ordu ilə xalqın birliyi hər bir azərbaycanlı üçün qürur mənbələrindən birinə çevrilib.Cənab Prezidentin Cocuq Mərcanlı və Naxçıvan əməliyyatları barədə fikirləri ordumuzun “qalibiyyət ordusuna” çoxdan çevrildiyini nümayiş etdirdi. Xalqımızın bu iki əməliyyatı tarixi qələbə kimi qəbul etdiyi barədə cənab Prezidentin bəyanatı həm də srtateji əhəmiyyət daşıyır. Üst-üstə 13 min hektardan çox ərazimizin azad edilməsi ordumuzun öz gücünə və xalqımızın orduya güvənini misilsiz gücləndirən qiymətli faktorlardır. Cocuq Mərcanlı və Naxçıvan əməliyyatları cənab Prezidentin liderliyi altında ordu-xalq birliyinin pozulmazlığına möhkəm təminat verən uğurlardır. Hərbi paradın və cənab Prezidentin mesajlarının təsirləri bundan sonrakı proseslərdə özünü daha qabarıq göstərəcək”.
sia.az