PDF Oxu

Siyasət

  • 3 158

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

İlham Əliyev: “Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur və ola da bilməz”
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.
İyunun 26-da Azərbaycanın şanlı Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə bağlı “Azadlıq” Meydanında keçirdiyi möhtəşəm hərbi paradda Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev bildirib ki, keçirilən parad bir daha sübut etdi ki, qüdrətli Ordumuz dünya orduları içində ən müasir silahlara malik olan, eləcə də, hərbi sənayesi inkişaf edən bir çox üstünlüklərə malikdir. Eyni zamanda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin nitqində irəli sürdüyü fikirlər Azərbaycan Ordusunun davamlı şəkildə və sürətlə inkişaf etdiyini bariz şəkildə sübuta yetirmiş oldu.
Əlbəttə, bu, işğalçı Ermənistana verilən sərt mesajlar idi ki, bu da həmin ölkədə ciddi ajiotajların yaranmasına səbəb oldu. Xüsusilə, baş nazir Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasını çağırması, cəbhə boyu, xüsusilə, Naxçıvanda Azərbaycan Ordusunun fəallığını və nailiyyətlər qazandığını etiraf etməsi verilən mesajların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin 2016-cı ilin aprel ayında və bu ilin mayında Naxçıvanda əldə edilən hərbi uğurlarının Ermənistanın dünyaya sırıdığı stereotipləri kökündən məhv etdiyini vurğulaması öz təsdiqini tapmış oldu. “Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi” deyən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Cənabları öz nitqində “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı “Azadlıq” Meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək” ifadələrini əzmlə, inamla və qətiyyətlə bəyan etdi. “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır” deyə vurğulayaraq, həmçinin, qeyd etdi ki, Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.

Silahlı Qüvvələrimizin
əldə etdiyi hər bir
nailiyyətlərin və zəfərlərin arxasında xalq-dövlət
birliyi dayanmaqdadır

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir.” Prezident İlham Əliyev bütün çıxışlarında, bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu, Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında Dağlıq Qarabağ probeleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 26 il ötür. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralarında müzakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandarın konkret nəticədir.
Təbii ki, Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin və zəfərlərin arxasında xalq-dövlət birliyi də dayanmaqdadır. Bu amil, məhz xalq-dövlət sarsılmaz birliyinin gerçəkliyi olaraq dəyərləndirilməkdədir. Bundan ruhlanan Ordumuz və hərbçilərimiz də hər an işğalçı düşmənə layiqli dərs verəcəyini əməli şəkildə sübuta yetirmiş olur. Prezident İlham Əliyev paraddakı nitqində də bu amilə toxunaraq, vurğulayıb ki, biz elə bir güclü Ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.
Bəli, Ermənistan bu reallıqdan, bu gerçəklikdən ciddi şəkildə təlaş keçirməkdədir və işğalçı ölkənin hərbi ekspertləri, politoloqları, müxtəlif araşdırmaçıları həyəcan təbillərini döyməyə başlayıblar. Çünki Azərbaycanın dövlət başçısının - Prezident İlham Əliyev Cənablarının “Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək” kəlamı Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajı idi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər