Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin siyasi və iqtisadi əhəmiyyəti danılmazdır
Azərbaycan Prezidentinin Fransa səfəri mühüm əhəmiyyət kəsb edir. Regionda hazırkı həssas bir durumda bu səfərin bir sıra aspektləri qeydə alınmaqdadır. Əvvəla, Avropa İttifaqının indi Almaniya və İtaliya ilə yanaşı üç mühüm üzvündən biri, ələlxüsus, siyasi lideri olan Fransaya ölkə Prezidentinin səfəri Aİ-Azərbaycan münasibətləri baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, İtaliya prezidentinin Azərbaycana səfərindən dərhal sonra ölkə başçısının Fransaya səfəri Azərbaycanın uğurlarını həzm edə bilməyən, əleyhinə çalışan qüvvələri, ələlxüsus, erməniləri bərk narahat edir.
Nəzərə alsaq ki, Almaniya Aİ-nin iqtisadi, Fransa isə siyasi lideridir, deməli, bu ölkə Aİ-nin siyasi mövqeyinə ciddi təsir edə bilən Avropa ölkəsidir. Bu baxımdan. ölkə başçımızın bu səfərinin, Fransa və Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən bəhs etməkdə hər kəs haqlıdır və etiraf edilməlidir ki, Azərbaycan bölgədə öz strategiyası ilə əhəmiyyətli dərəcədə seçilir və müsbət istiqamətdə fərqlənir.
Dünya ölkələri arasında, həmçinin beynəlxalq təşkilatlar daxilində nüfuz, eləcə də söz sahibi olan Fransanı tərəfdaş ölkə kimi görmək arzusunda olanlar az deyil. Hətta Ermənistan kimi uğursuz bir məmləkət, səfalət içində böğulan bir ölkə bu vaxta qədər böyük cəhdlə özünü bu ölkənin tərəfdaşı kimi sırımağa çalışır. Əslində isə, nəzərə alsaq ki, Ermənistan Fransa üçün nə iqtisadi, nə də siyasi müstəvidə maraqlı deyil, belə bir tərəfdaşlıq ermənilərin yuxusuna da girə bilməz. Amma səfər çərçivəsində bəlli oldu ki, Fransa Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu da, onu deməyə əsas verir ki, ölkəmizin Fransa ilə də, Aİ ilə də əlaqələri hələ bundan sonra daha yüksələn xətt üzrə inkişaf edəcək. Bu isə, o deməkdir ki, Avropada ermənilərin xəyallarından keçirdikləri mövqeləri Azərbaycan qazanıb.
İstər E.Makronun Vaşinqtona səfəri, istərsə də D.Trampın Parisə səfərləri təsdiq edir ki, ABŞ kimi nüfuzlu bir ölkə belə Fransanı Aİ-də mühüm tərəfdaş olaraq görür. Təkcə ABŞ deyil, Türkiyə və Britaniya da, digər nüfuzlu ölkələr də eyni şəkildə düşünür və eyni mövqedən çıxış edir və bu da, özlüyündə təsdiq edir ki, Fransanın Aİ daxilində siyasi nüfuzu bundan sonra daha da artacaq. Belə bir perspektivli, Aİ daxilində nüfuzlu ölkə ilə Azərbaycanın əlaqələri çox önəmlidir və bu baxımdan, dövlət başçısının son səfərinin çox böyük əhəmiyyəti var və Prezidentin bu səfəri əlaqələri daha yüksək səviyyəyə ucaltmış oldu. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əsası iqtisadi səmərə üzərində qurulmuş əlaqə daha möhkəm bir siyasi əlaqə deməkdir.
Ölkə başçısı bu səfəri ilə işğalçı dövlətin
Azərbaycana qarşı
nəzərdə tutduğu
“Avropa həmləsini” neytrallaşdırdı
Fransa ilə münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə stimul verəcək, nizamlanmasını təmin edəcək ümidlər verir. Əslində, münasibətlərin qurulmasını çoxdandır arzulayan Ermənistan, işğalçı ölkədə baş verənlərdən belə faydalanaraq Fransaya, Avropaya yaxınlaşmaq niyyətində idi. Nikol Paşinyan kimi bir küçə nümayişçisinin xüsusi ssenari ilə, süni şəkildə hakimiyyətə gətirilməsini, bir sözlə, dövlət çevrilişini demokratiya kimi sırımaq niyyətində olan Ermənistan bununla özünün “demokratik ölkə” olduğunu göstərməklə guya ki, “Avropaya yaxın ölkə” imici formalaşdırmaq və bundan faydalanmağa köklənsə də, görünür, dişi daşa dəyib. İndi Fransa kimi digər Avropa ölkələrinin də Azərbaycana daha maraqlı olduğunu göstərəcəyinə zərrə qədər şübhə ola bilməz.
Rusiyadan ümidləri üzülən Ermənistan həmin ölkədən ala bilməyəcəyi istər siyasi, istərsə də iqtisadi dəstəyi Avropadan almaq fikrinə düşsə də, ümidlərinın puç olduğunu qəbul etmək məcburiyyətindədir. Çünki artıq Azərbaycanın qələbəsini görməzliyə vura bilməz və Avropada ölkəmizin nüfuzu indi işğalçıların gözünə şiş kimi batır. Avropada özlərinə dayaq hesab etdikləri Fransadan da əlləri üzülən ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya son səfərindən sonra tamamilə neytrallaşdıqlarını da yaxşı bilirlər. Daha doğrusu, ölkə başçısı bu addımı ilə işğalçı dövlətin Azərbaycana qarşı nəzərdə tutduğu “Avropa həmləsini” neytrallaşdırdı. Bir sözlə, bunu Azərbaycanın ermənilərə “diplomatik zərbəsi” adlandırmaq da olar.
Aİ-nin siyasi lideri
sayılan Fransanın
Azərbaycanla
anlaşmaları
Ermənistana, eləcə də bütün ermənilərə ən
böyük zərbədir
Nəzərə almaq lazımdır ki, Makron liberal islahatlar platforması ilə prezident seçilib və onun başlıca hədəfi tarixən sosial ideyaların güclü olduğu Fransada liberal iqtisadiyyat qurmaqdır. Siyasi populizmdən uzaq, daxili siyasi risqlərlə zəngin olan bu platforma isə güclü iqtisadi tərəfdaşların olmasını tələb edir. Bu tələblərə cavab verən Azərbaycan isə, məhz belə bir tərəfdaş hesab olunur. Fransanın neft və qaz şirkətləri də daxil olmaqla, ən iri şirkətləri Azərbaycana maraq göstərirlər. Makron isə onların maraqlarını ifadə etməklə özünün siyasi dayaqlarını gücləndirmiş olur, həm də Fransa iqtisadiyyatını varlı tərəfdaşlarla gücləndirməyə çalışır. Bu da, sözsüz ki, nəzərdə tutduğu islahatları irəli aparmaq üçün gənc prezidentə həddindən artıq çox vacibdir.
Azərbaycan kimi iqtisadi səmərəli tərəfdaş Fransaya çox lazımdır. Fransanı indi Ermənistan kimi əl açıb pay uman, yardım diləyən, sözün həqiqi mənasında, dilənçi kökündə olan Ermənistan zərrə qədər maraqlandıra bilməz. Daha doğrusu, Fransa, yük olan ermənilərdən imtina etmək fikrində olduğunu bu səfərdə nümayiş etdirdi. Məhz belə bir tarixi - siyasi məqamda ölkə başçısının Fransa səfəri və iqtisadi planların irəli sürülməsi Prezident İlham Əliyev tərəfindən düzgün hesablanmış strategiyadır və o, səmərəsini artıq verməkdədir. İki ölkə arasındakı anlaşmaların həcmi münasibətlərdə artıq yeni mərhələnin başlanğıcı deməkdir. Bəlli olur ki, bu yeni mərhələdə hər iki ölkənin maraqları təmin ediləcək və bu baxımdan, ölkəmizin Avropada mövqeyinin möhkəmlənməsi bundan sonra şübhə belə doğura bilməz. Eyni zamanda, iqtisadi maraqlar üzərində qurulmuş münasibətlərin daha sıx və daimi olması zərurətini nəzərə alaraq, cəsarətlə demək olar ki, Fransa bundan sonra Azərbaycanın maraqlarından çıxış edəcək. Aİ-nin siyasi lideri sayılan Fransanın Azərbaycanla anlaşmaları isə, əslində, Ermənistana, eləcə də, bütün ermənilərə ən böyük zərbə hesab oluna bilər.
İnam HACIYEV