Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, AMEA-nın nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətindən danışıb. Natiq vurğulayıb ki, tədbirdə milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsi aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcəkdir.Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu Öndərimiz bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərmişdir. B.Quliyev Ümummilli Liderin 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı imzaladığı Sərəncamını bunun bariz nümunəsi adlandırıb.Tədbirdə, eyni zamanda Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Qloballaşma dövründə dilimizin saflığının qorunması məsələsi”, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmovanın “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədovun “Dini ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzusunda məruzələri dinlənilib.
sia.az