“Ümumiyyətlə, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı təbii bir prosesdir. Ölkədə gedən iqtisadi inkişaf, sosial həyatımızda baş verən böyük dəyişikliklər təbii ki, digər sahələrə də sirayət edir. Bu mənada hesab edirəm ki, Tarif Şurasının qərarına normal baxmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycanda bütün sahələrdə nəqliyyat infrastrukturu sahəsində, əhaliyə xidmətdə və s. kifayət qədər qiymət fərqi var. Heç şübhəsiz ki, Azərbaycan da dünyada gedən proseslərə uyğunlaşmalıdır və buna uyğun hərəkət etməlidir. Məsələn ölkəmizdə 10 ildən çoxdur ki, nəqliyyatla, eyni zamanda metro ilə bağlı qiymət dəyişiklikləri olub. Bu 10 il müddətində Azərbaycanda çox böyük dəyişikliklər olub. Eləcə də biz Azərbaycanda əhalinin sosial təminatı istiqamətində müsbət dəyişikliklərin şahidi olmuşuq. Belə olan halda sözügedən məsələlərin baş verməsi təbii qarşılanmalıdır. Düşünürəm ki, bu labüd idi.Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı heç bir qeyri-adi və narahatçılığa əsas olmayan bir hadisədir. Əgər biz dünya ölkələri ilə müqayisə aparsaq görərik ki, Azərbaycanda gediş haqqları ilə bağlı qiymətlər çox aşağıdır. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının, ölkənin nəqliyyat sisteminin, ifrastruktur layihələrinin qurulmasında Tarif Şurasının qərarının gələcəkdə öz müsbət təsiri olacaq”.Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
sia.az