PDF Oxu

Siyasət

  • 4 615

Xalqın rifahı Prezidentin prioritet siyasətidir

Xalqın rifahı Prezidentin prioritet siyasətidir

İlham Əliyev: “Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər”

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir. Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Bu işin məntiqi nəticəsi olaraq reallaşdırılan siyasət və aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil etməkdədir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bu isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür.

Prezidentin son qərarları əhalinin sosial rifahının güclənməsinə hesablanıb

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” imzaladığı Fərmanına əsasən, ölkəmizdə “güzəştli mənzil” sisteminin yaradılması bir daha dövlət başçısının xalqına olan diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həm də bu Fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir.

İqtisadçı-alim Vüqar Bayramlının dediyinə görə sosial evlərin yaradılması çox vacibdir və ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir: “Bu, ölkəmizdə mənzil təminatının genişləndirilməsi baxımından, olduqca vacibdir. Sosial evlər vətəndaşlara az vəsait ödəməklə mənzil əldə etməyə imkan yaradacaq. Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirdi. Bu, həm dövlət, həm də vətəndaşlar üçün vacibdir”.

Bu illər ərzində Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda insanların düşüncələri dəyişib. Onu da vurğulamaq lazımdır ki, bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə daha inamla yanaşır, ölkəsinə daha dərindən bağlılığı ilə seçilir.

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm və söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 15 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına və müasir müəssisələrin açılmasına səbəb olub.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər