"Ümumiyyətlə, dünyanın istənilən bir ölkəsində qiymət artımı olursa, bu, insanların, vətəndaşların cibinə ziyandır. Təbii ki, buna müəyyən etirazların, narazılıqların olması mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu zərurətdən doğan bir addımdır. Məsələn 2007-c ildən bu yana nəqliyyat sektorunda qiymətlərə heç bir artım olunmurdu. Başqa-başqa sahələrdə artım olsa da nəqliyyatda bu artım qeydə alınmamışdı. O cümlədən də “Bakı Metropoliteni” QSC-də 2011-ci ildən etibarən qiymət artımına gedilmirdi. Gec-tez bu addım atılmalı idi. Nə etmək olar? Axı bazar iqtisadiyyatının reallıqları var". Bunu SİA-ya açıqlamasında “Kaspi”qəzetinin baş redaktoru İlham Quliyev deyib.Onun sözlərinə görə, nəqliyyatda, metroda daşınmanın maya dəyəri var: "Təbii ki, buna uyğun olaraq da qiymətlər müəyyənləşməlidir. Bildiyiniz kimi “Bakı Metropoliteni” QSC hər il dövlət büdcəsindən dotasiya alır. Bu artımdan sonra da rəsmi açıqlamalara görə “Bakı Metropoliteni” QSC-yə yenə də dövlətin yardımı olacaq. MDB regionunda ən aşağı daşınma qiymətləri Azərbaycandadır. Bu baxımdan hesab edirəm ki, vətəndaşlarımız da, ictimai sektorun təmsilçiləri də bu qiymət artımına loyal yanaşmalıdırlar. Bu qaçılmaz bir addımdır. İnşallah, gediş haqqlarının artırılması həm ictimai nəqliyyatda, həm də metroda daşınma keyfiyyətinin artırılmasına, metroda kondisonerli vaqonların sayının daha da çoxalmasına, nəqliyyatda daha keyfiyyətli avtobusların, marşurut xətlərinin buraxılmasına gətirib çıxaracaq. Ümumilikdə bu işin keyfiyyətinə müsbət təsir göstərəcək”.
sia.az