PDF Oxu

Siyasət

  • 6 640

Dayanaqlı inkişaf güclü təməllərə söykənir

Dayanaqlı inkişaf güclü təməllərə söykənir

İlham Əliyev: “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Artıq 15 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində, perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub.

Daha bir fakt da budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyevin Liderliyi dövrünü yaşayır!

Azərbaycan vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edildiyi ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Məhz yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən də biri budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar, tətbiq edilən yeniliklər və inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Bu günün Azərbaycanı yalnız beynəlxalq münasibətlər sistemindəki yeri və roluna görə deyil, həmçinin, daxili sosial-iqtisadi quruluşuna, tərəqqisinə və nailiyyətlərinə, milli-dini və etnik quruluşuna, eyni zamanda, polietnik və çoxkonfessiyalı atmosferdə qardaşlığın, dözümlülüyün mövcudluğuna görə dünya dövlətləri üçün bir inkişaf modelidir.

Bütün bu amillərin müsbət nəticəsidir ki, Azərbaycan həm də dünyada mötəbər tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcəyi hər bir azərbaycanlıya tükənməz qürur hissi bəxş edir. Bütün bunlar, əlbəttə ki, məhz Onun - Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz əməyinin nəticəsidir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyev onu da qeyd edir ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: “Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir

Ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”. Nəticə göz qabağındadır. Son 15 ildə ölkəmizdə 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi, 443 körpü-tunel, 3100-dən çox məktəbin inşa edilməsi, 265 min köçkünün yeni evlərlə, mənzillərlə təmin olunması, 30 elektrik stansiyası, 4 su anbarı və 7 aeroportun tikilməsi, qazlaşdırmanın 93 faizə, fasiləsiz içməli su ilə təminatın 26 faizdən 67 faizə çatması bütün deyilənləri, bir daha təsdiqləyir ki, ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

Ölkə Prezidenti dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycan dövləti öz işlərini möhkəm əsaslar üzərində qurur və dövlət iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirir. Bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstərir. Məhz bunun nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Deyilənlərin məntiqi nəticəsi olaraq dövlət büdcəsi xərclərinin strukturuna nəzər yetirmək kifayətdir. Belə ki, 2018-ci ildə sosial müdafiə xərcləri 2,1 milyard manat təşkil etdiyi halda, sosial təminat xərcləri 33,7 milyon manat təşkil etmişdir. Ümumiyyətlə isə, 2018-ci ildə dövlət büdcəsində birbaşa sosial yönlü xərclərə aid edilən xərclər 7 milyard 4,9 milyon manat müəyyən edilmişdir ki, bu da keçən illə müqayisədə 2,2 faiz artım deməkdir. Sevindirici haldır ki, bu xərclərin əhəmiyyətli bir hissəsini təşkil edən təhsil xərcləri 11,8 faiz artaraq, 2,2 milyard manata yüksələcəkdir. Nəticə etibarı ilə 2018-ci il üçün büdcə qanunu qeyd etməyə imkan verir ki, ölkədə həyata keçirilən sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.

Prezident İlham Əliyevin istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas xəttini təşkil etməklə yanaşı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi siyasətini reallaşdırmış olur. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ HUSEYNOVA

Digər xəbərlər