PDF Oxu

Siyasət

  • 11 070

Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır

Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır

İlham Əliyev: “Məqsədimiz odur ki, insanlara yaxşı maaş verilsin”

Bu gün regionlarımızın günbəgün inkişaf etməsi ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amildir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verir.

Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

Məhz bunun nəticəsidir ki, son on beş ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə, onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız dəfələrlə artmış, ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır.

İctimaiyyətlə bir olan dövlət başçısı

Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amillərdəndir.

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında olub və bu bölgəyə səfəri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçi kəndində görülən işlərlə tanış olub. Məlumat verilib ki, kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən, dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib.

Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından və iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey, xüsusilə, diqqəti cəlb edir.

Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında da iştirak ediblər. Həmçinin, dövlət başçısı və xanımı İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər. 400 şagird yerlik üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyaların yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.

Səfər çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimi də baş tutub. Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə, 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı-paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb.

Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşü zamanı qeyd edib ki, əsas məqsədimiz də odur ki, iş yerləri yaradılsın, insanlara yaxşı maaş verilsin: “Şadam ki, Şamaxı rayonunda üzümçülük geniş vüsət alıb. Gözəl üzüm bağları salınıb, vətəndaşlar işlə təmin olunub. Yəni ölkəmizdə kənd təsərrüfatı ilə bağlı aparılan siyasət, bax, bu yeni salınan üzüm bağlarında özünü göstərir”.

Dövlət başçısı onu da qeyd edib ki, üzümçülük əmək tutumlu kənd təsərrüfatı sahəsidir: “Mənə verilən məlumata görə, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub. Bu, kəndin sakinləridir. Mənə verilən məlumata görə, bu kənddə işsizliklə bağlı problemlər də aradan götürülüb. Bizim əsas məqsədimiz də odur ki, iş yerləri yaradılsın, insanlara yaxşı maaş verilsin. Hər bir vətəndaş halal zəhməti ilə öz həyatını qursun, ailəsini saxlasın və firavan yaşasın”.

Dövlət başçısı xatırladıb ki, Şamaxı rayonunda diaqnostika mərkəzi, mərkəzi rayon xəstəxanası, olimpiya kompleksi, mədəniyyət mərkəzi və 40-dan çox məktəb tikilib təmir edilib: “Nəinki Azərbaycanın, bütün islam aləminin önəmli məbədi olan Şamaxı Cümə məscidi mənim təşəbbüsümlə əsaslı şəkildə təmir edilib. Demək olar ki, yenidən qurulub. Bu məscid 743-cü ildə tikilib və bizim milli sərvətimizdir”.

Beləliklə, sadalanan rəqəmlər, bir daha onu göstərir ki, yürüdülən siyasət dövlət başçımızın düşünülmüş, məqsədyönlü siyasətidir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək. Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar, təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir. Rəqəmlərə diqqət yetirmək kifayətdir.

Beləliklə, Prezident İlham Əliyevin istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas xəttini təşkil etməklə yanaşı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi siyasətini reallaşdırmış olur. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər