Ölkəmizin sürətli və dinamik inkişafı, bu inkişafın uğurlu faktorları Avropa miqyasında təqdir edilməkdədir
Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri bu gün də Avropanın aparıcı ictimai-siyasi dairələrində, mətbuat səhifələrində işıqlandırılmaqda və nəticələrə gəlinməkdədir. Ümumiyyətlə, Almaniyanın Avropanın əsas dövlətlərindən biri olaraq, xüsusilə, Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq, dostluq və tərəfdaşlıq istiqamətində maraqlı görünməsi özündə əhəmiyyətli məqamları ehtiva etməkdədir. Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı zamanı önə sürülən fikirlər də, belə qənaətə gəlməyə zəmin yaradır ki, onun səfəri, eyni zamanda, tarixi fakt kimi qiymətləndirilə bilər.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev: “Əminəm ki, bu səfər nəticəsində, Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir”
Belə ki, ölkə başçımız mətbuat konfransında da həmin amilə toxunub: “Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində, Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir”.
Əsas məqamlardan biri də dövlət başçımızın sözügedən konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin alman ictimaiyyətinə səhih şəkildə çatdırması oldu. O cümlədən, regional təhlükəsizlik məsələləri ətrafında Cənab İlham Əliyevin fikirləri, bir daha sübut etdi ki, Azərbaycan öz haqq səsini daim beynəlxalq aləmə çatdırır, Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumatlar verilir: “Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri, uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
“Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir”
Söz yox ki, xanım Merkelin rəsmi Bakı səfəri Azərbaycanla Almaniya arasında daha yeni və perspektivli ticari və iqtisadi dövrün başlanmasına da zəmin oldu. Ölkə rəhbərimizin çıxışında irəli sürdüyü fikirləri, eləcə də, ortaya qoyulan statistik rəqəmlər də qeyd edilən faktorlara əsaslanır: “Biz bu gün digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz, Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin enerji təhlükəsizliyi barədə dediyi fikirləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, o cümlədən, demokratiya və insan haqlarının qorunması ilə bağlı aparılan fikir mübadilələri, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirələri, yuxarıda da qeyd edildiyi kimi, ölkələrimiz arasındakı münasibətlərdə yeni eranın başlanması kimi tarixə yazıldı. Təsadüfi deyil ki, ölkə rəhbərimiz Azərbaycan və Almaniya arasında sırf səmimiyyətin olduğunu vurğulayıb: “Bu göstərir ki, aramızda olan münasibətlər, doğrudan da, səmimidir, dostluq münasibətləridir və səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaqdır”.
Federal Kansler xanım Angela Merkel: “Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var”
Qeyd edək ki, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin konfransda səsləndirdiyi fikirləri öz önəmi və səmimiyyəti ilə yadda qalıb. “Bu, Federal Kansler kimi mənim Azərbaycana ilk səfərimdir və ilk imkan idi ki, ölkələrimiz arasında münasibətləri burada açıq şəkildə müzakirə edək, əməkdaşlığımızı davam və inkişaf etdirək”, deyə qeyd edən Merkel Cənubi Qafqaz turnesini Azərbaycana rəsmi səfəri ilə yekunlaşdırmasını Ermənistan və Gürcüstandan fərqli olaraq, ölkəmizə verdiyi önəm kimi təqdim edib. Məhz bu baxımdan, o, Azərbaycanı Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük və ən vacib tərəfdaşı kimi tərənnüm edib: “Bizim ikitərəfli münasibətlərimiz, onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər”.
Eyni zamanda, Azərbaycanın Avropa İttifaqının enerji şaxələndirilməsində güclü bir amil olduğunu deyən Almaniya Kansleri sözügedən əməkdaşlığın davamlılığında maraqlı olduğunu deyib: “Bizim bundan sonrakı dialoqumuzun intensivləşdirilməsi üçün şərait və əsaslar var”.
“Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir”
Yeri gəlmişkən, səfər çərçivəsində xanım Merkel Azərbaycanda fəaliyyət göstərən almaniyalı iş adamları ilə də görüşündə maraqlı fikirlərə toxunaraq, Azərbaycanın çox sürətlə inkişafa nail olduğunu vurğulayıb: “Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan, iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var”.
Almaniyanın Federal Kanslerinin digər bir amili - Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, dünyəvi dövlət kimi tanındığını deməsi özündə bir sıra müsbət reallıqları göstərir: “Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik. Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər”.
Beləliklə, fakt budur ki, artıq Azərbaycanın sürətli və dinamik inkişafı və bu inkişafın uğurlu faktorları Avropa miqyasında təqdir edilməkdədir. Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Merkelin Azərbaycana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirləri bir daha bu gerçəkliyi isbatlamaqdadır.