“Məlum faktdır ki, müstəqil Azərbaycanda gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib. Onun sözlərinə görə, çox gərgin və dövlətçiliyimizin təhlükədə olduğu bir dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyətinin böyük bir qismini dövlətin gələcəyi olan gənclərə, onların bütün mənalarda sağlam yetişməsinə, müstəqilliyimizi etibar edə biləcək gənc nəslin formalaşmasına həsr etdi: “Ulu Öndərin böyük uzaqgörənliklə, müdrikcəsinə təməlini qoyduğu, həyata keçirdiyi gənclər siyasəti qısa müddətdə uğurlu nəticələrini ilə özünü təsdiq etdi. Bu siyasəti yeni məzmun və formada davam və inkişaf etdirən Cənab Prezident İlham Əliyev hakimiyyətə gələn ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də ona etibar etməsini arzuladığını ifadə etdi. 2003-cü ildən biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı məqsədli proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, gənclərin bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlətin bütün strukturlarında, hakimiyyətin bütün qollarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, dünyanın ən mötəbər, miqyasına görə ən böyük gənclər tədbirlərinin Bakıda keçirilməsi yuxarıda dediklərimizi bir daha təsdiq edir. Bir vaxtlar kiminsə xəyalına belə gələ bilməzdi ki, ölkədə gənclərin təşəbbüslərinin maddi tərəfdən dəstəklənməsi mümkün olsun. Amma, biz beş il öncə Cənab Prezidentin şəxsi təşəbbüsünün nəticəsi olaraq Gənclər Fondunun yaradılmasının şahidi olduq. Artıq Azərbaycan Gənclər Fondu gənclər təşkilatlarının və fərdi gənclərin ideyalarını dəstəkləyən fəaliyyəti ilə dünyada analoqu olmayan bir təsisatdır. Biz dünyanın müxtəlif ölkələrində səfərlərdə olarkən, gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri ilə görüşərkən onların Azərbaycanda həyata keçirilən unikal gənclər siyasətinə heyranlıqlarını ifadə etdiklərini görürük. Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyini etibar edə, dövlətin yükünün altına çiyinləri davam gətirə biləcək gənclik formalaşmışdır. Bütün bunlar dövlətin sağlam gənc nəsil, güclü vətəndaş, etibarlı gələcək uğrunda illərlə atdığı məqsədli, ağıllı və düşünülmüş siyasətinin nəticələridir. Dövlət başçımızın gənclərin inkişafı, fəaliyyətlərinin genişlənməsi üçün onlara kreditlərin verilməsi ilə bağlı sonuncu sərəncamı dövlətin gənclər siyasətinin davamlı olmasının, dövlətin hər zaman gənclərin yanında olduğunun göstəricisidir. Bu həm də onu ifadə edir ki, dövlətin iqtisadi imkanları artdıqca gənclərə qayğı və diqqət daha da artacaqdır. Gənclərin layihələrinin dəstəklənməsi onların məşğulluğunun təmin edilməsi istiqamətində də bir addımdır. Əminəm ki, gələcəkdə bu kreditlərdən istifadə edilərək reallaşdırılan layihələr yeni iş yerlərinin yaradılması istiqamətində də konkret real nəticələrini verəcək. Hər bir Azərbaycan gənci əmin ola bilər ki, dövlətin sosial siyasətində gənclərin çəkisi hər zaman nəzərə alınacaq, dövlətin gənclərə dəstəyi və qayğısı ən müxtəlif formada onların həyatında öz əksini tapacaqdır”.
sia.az