“Ümumiyyətlə Azərbaycan idmançıları bütün idman növlərində yüksək peşəkarlıq nümayiş etdiriblər. Xüsusilə də Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarında idmançılarımız öz bacarıqlarını sınayacaqlar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, idman yarışlarının hər hansı bir formada keçirilməsi ölkələrin tanınması, eləcə də ölkələrin bayraqlarının yüksəlməsi üçün kifayət qədər önəm kəsb edən böyük bir hadisədir: “Bu mənada hesab edirəm ki, Qırğızıstanda keçirilən növbəti Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakı həm ölkəmizdə idmana göstərilən qayğının, diqqətin bariz göstəricisidir, həm də Azərbaycan idmançılarının həmin yarışlarda iştirak edərək müəyyən yer tutmasında böyük şanslar deməkdir. Əgər Azərbaycan idmançıları bu yarışlarda qalib gələrsə Azərbaycan bayrağı zivələrdə yüksəldiləcək ki, bu da ora toplaşan insanların qarşısında böyük bir hadisə olacaq. Arzu edirəm ki, Azərbaycan idmançıları bu yarışlarda ən mötəbər yerlərdən birini tutacaqlar”.Qeyd edək ki, Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.
sia.az