İlham Əliyev: “Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin son 15 ildə həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq münasibətlərində mühüm rol oynamış, xüsusən də, aparıcı qonşu dövlətlərlə əməkdaşlıq sahəsində yeni mərhələnin əsasını qoymuşdur. Bu baxımdan, respublikamızın tarixən bağlı olduğu Rusiya Federasiyası ilə munasibətlərdə əldə olunan nəticələr diqqəti cəlb edir. Dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə çoxşaxəli əlaqələrin genişləndirilməsini vacib sayan Cənab Prezident İlham Əliyev bu yönümdə bütün zəruri tədbirləri həyata keçirib və həmin siyasət bu gün də uğurla davam etdirilməkdədir. Bu faktor, bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Daha dəqiq desək, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.
Ümumiyyətlə, Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.
Bu gün istər Rusiya, istərsə də Azərbaycan ictimai rəyində belə bir tezis formalaşıb: Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Əlbəttə, bu reallıq həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər, eyni zamanda, strateji tərəfdaşların münasibətləridir. Çünki Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Yeri gəlmişkən, onu da qeyd edə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü, görüşün sonunda onu Azərbaycana dəvət etməsi, bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini sübut etdi. Bu görüş, xüsusilə, son dövrlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi və belə əsassız düşüncələri yerlə yeksan etdi.
Buna misal olaraq, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səylərini davam etdirəcəyi ilə bağlı bu ölkənin rəhbərliyi tərəfindən verilən bəyanatdır. Həmçinin, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək ki, həmin əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Məsələn, o da əbəs deyil ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Həmçinin, Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Artıq bu reallıq da öz təsdiqini tapmaqdadır. Buna misal kimi, cari ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yüklərin daşınmasını göstərə bilərik.
Eləcə də, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin məhsullarından istifadə edir.
Digər bir mühüm amil isə Azərbaycanda rus mədəniyyətinə, rus dilinə qayğı ilə yanaşılma faktorudur ki, bu amil digər post-sovet ölkələrində, yaxud MDB məkanında elə də nəzərə dəymir. Yəni tarixi bağlılıq və qarşılıqlı hörmət ölkələrimiz arasında yüksək səviyyədə inkişaf xətti tutmaqda davam edir.
Rusiya Prezidenti Vladimir Putin: “Xüsusən, təbii ki, Dağlıq Qarabağ
probleminə də
toxunduq”
Ölkələrimiz arasında imzalanmış sənədlər və həmin imzalanmalar zamanı Rusiya və Azərbaycan prezidentlərinin verdikləri birgə bəyanatlar da münasibətlərimizin ali dərəcədəki inkişafını sübuta yetirməkdədir. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin öz çıxışında bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: “Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin, hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi, məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də, humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən, mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir”.
Prezident Vladimir Putinin, xüsusilə, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ problemi ətrafında da müzakirələr apardığını deməsi isə Rusiyanın bu məsələdə həssas və ədalətli mövqe sərgiləmək düşüncəsində olduğunu göstərə bilər: “Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk Qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”.
Azərbaycan Prezidenti
İlham Əliyev: “Biz ümid edirik ki, münaqişənin nizamlanmasında
Rusiyanın səyləri
davam edəcək”
Söz yox ki, mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də əhəmiyyətli mövzulara toxunaraq, ilk növbədə, ölkələrimiz arasındakı münasibətlərin yüksək həddə inkişaf etdiyini bəyan edib. Son üç ayda üç dəfə görüşdüklərini xatırladan dövlət başçımız qeyd edib ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir: “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı”.
Dövlət başçımız da regional təhlükəsizlik məsələsində, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ətrafında öz mühüm fikirlərini çatdırıb: “Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin, bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.
İqtisadi məsələlər, əmtəə dövriyyəsi, nəqliyyat, yükdaşıma, idxal və ixrac, hərbi-texniki, humanitar, eləcə də, digər perspektivlər barədə də fikirlərini bildirən Cənab İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında tam dəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. “Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” deyə dövlət başçımız çıxışının sonunda qeyd edib.
Münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur
İmzalanmış saziş və memorandumlar da bütün bunların sırf təsdiqi olaraq göstərilə bilər - Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 “yol xəritəsi”), Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında elektrik ötürücü xətləri və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum, malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol, Rusiya Federasiyasından ixracın QPB Bank (SC) tərəfindən dəstəklənməsi sahəsində layihələrin birgə həyata keçirilməsi çərçivəsində SOCAR, “RES” SC və QPB Bank (SC) arasında strateji əməkdaşlıq haqqında saziş, “QAZ Avtomobil zavodu” və “Azərmaş” ASC arasında Azərbaycanda QAZ ticari avtomobillərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında saziş, Qoşadaş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının azsulu şimal hissəsinin neft və qaz potensialının birgə araşdırılması haqqında saziş, “Rosneft” NŞ İSC və SOCAR Trading S.A. arasında müqavilə, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” səhmdar cəmiyyəti və “Azərbaycan Respublikası kiçik və orta sahibkarlığın inkişafı Agentliyi” publik hüquqi şəxsi arasında Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı (“yol xəritəsi”) - mübaliğəsiz deməyə əsas verir ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksəlir və inkişaf edir və bu münasibətlər açıq və səmimi xarakter daşıyır. Çünki ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. Ən əsası münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur. Bütövlükdə, prezidentlərin Soçi görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradəsini əks etdirir. Bu mənada, Soçi görüşü bir daha Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə də nəzər salsaq, görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bunun gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər.
RÖVŞƏN NURƏDDİNOĞLU