Mehriban xanım Əliyeva: “Siyasi, iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir”
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir.
Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Bu sırada İtaliya ölkəmiz üçün ən mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında olan münasibətlərin daha da genişləndirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu gün Azərbaycan və İtaliya arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycandan enerji idxal edən birinci ölkələrdəndir. İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlər əldə olunub. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir.
Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. “Siyasi-iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir” - deyən Mehriban Əliyeva humanitar sahədə olan əlaqələri diqqətə çatdıraraq insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan, məhz humanitar sahə, elm, mədəniyyət və təhsil olduğunu bildirib.
Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombalarının fondun dəstəyi ilə yenidən həyat qazanması böyük əks-səda doğurmuş oldu. Xristian aləminin dəyərli incilərindən olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının müsəlman ölkəsi olan Azərbaycanın dəstəyi ilə bərpası təqdirəlayiqdir. “Vatikan radiosu”na müsahibə verərkən Mehriban Əliyeva “Müsəlman ölkəsi olan Azərbaycandakı fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir” sualını belə cavablandırmışdır: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.
Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçirilən İtaliyada Birinci Azərbaycan Film Festivalı da, məhz Heydər Əliyev Fondunun təşəbbüssü ilə reallaşdı. Keçirilən bu və digər tədbirlər ölkələr arsında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Elə bu günlərdə Romada keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans da bu əlaqələlərin daha da dərinləşməsinə nümunədir. 100 il bundan əvvəl Azərbaycan Respublikasının Parlamentində, ilk dəfə olaraq, seçkilərin keçirilməsi, qadınlara tam seçki hüququnun verilməsi kimi əhəmiyyətli tarixi hadisələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Konfransda çıxışı zamanı Mehriban Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılma tarixinə nəzər salaraq, Cümhuriyyət dövründə qısa zamanda ölkəmiz üçün çox vacib olan addımların atıldığını bildirib: “Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çoxmillətli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vacib qanunlar qəbul edildi, o cümlədən, Azərbaycan qadınlarına səsvermə hüququ verildi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı, Azərbaycanın dövlət bayrağı təsis olundu, milli ordumuz yarandı. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək, müstəqilliyini itirdi”.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Birinci vitse-prezidenti parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olmuşdur. Bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olmuşdur. Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir”.
İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb. Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban xanım Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanda son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artdığını, ölkəyə 250 milyard dollar investisiya qoyulduğunu diqqətə çatdırıb: “Biz sosialyönümlü siyasət aparırıq. Son illər ölkəmizdə işsizliyin səviyyəsi kəskin şəkildə enmişdir və cəmi 5 faiz təşkil edir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşmüşdür. Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görmüşdür. İnklüziv İnkişaf İndeksinə görə Azərbaycan inkişaf edən ölkələr arasında 3-cü yerdədir. Bütün bu göstəricilər onu göstərir ki, Azərbaycanda həm iqtisadi, həm siyasi baxımdan çox sabit vəziyyət yaranıb, investisiyalar üçün çox gözəl mühit var. Biz İtaliya şirkətlərini ölkəmizə dəvət edirik, mövcud olan şəraitdən istifadə etmək üçün bütün qapılar açıqdır”.
Nəzakət ƏLƏDDİNQIZI