İlham Əliyev: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur”
Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada, ötən müddət ərzində, görülən işlər və həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır.
Ölkə Prezidenti İlham Əliyev cənub zonasına səfəri zamanı deyib ki, bu sahədə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə geniş imkanlar açacaq: “Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkədə mühüm işlər görülür. Hazırda əsas ərzaq məhsullarına olan tələb ödənilir”.
İnkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Onu da vurğulamaq lazımdır ki, dövlət başçısı kənd təsərrüfatına yalnız ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas sahə kimi baxmır, həm də qeyri-neft bölməsinin aparıcı sektoru kimi yanaşır. Əgər bu gün Azərbaycan fermeri, kənd təsərrüfatı məhsulları istehsalçısı bütün vergilərdən azaddırsa, onları əkib-becərmək üçün maddi yardım olunursa, motor yağı, yanacaq güzəştli qiymətlərlə satılırsa, aşağı faizlərlə kreditlər verilirsə, toxum, gübrə problemlərinin həllini dövlət öz üzərinə götürürsə və daha neçə-neçə əlverişli şərait, işgüzar mühit yaradırsa, stimullaşdırıcı tədbirlər görürsə, bu, ilk növbədə, Prezident İlham Əliyevdən gələn təşəbbüslərdir.
Azərbaycanda analoqu olmayan dəstək
Prezident İlham Əliyev regionlara səfərləri zamanı keçirdiyi müşavirələrdə Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstəkdən danışarkən bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur: “İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq, görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa”.
Ölkə Prezidenti, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışaraq, bildirib ki, bu dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir: “Dövlət xətti ilə ən müasir texnika alınır... Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.
Azərbaycan - çoxşaxəli iqtisadi trayektoriyada
Dövlət başçısı Azərbaycanın öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacağını vurğulamışdır: “Ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var: “Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.
Beləliklə, göstərilən faktlar, bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və kənd təsərrüfatının bütün sahələrinin inkişafı isə Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axınını artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə, ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev çıxışlarında ənənəvi olan sahələrin uğurla inkişaf etdirildiyini də bildirib: “Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi - Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb”.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə, onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.
RƏFİQƏ KAMALQIZI