“MDB Sammiti çərçivəsində Düşənbədə keçirilən görüşdən belə bir nəticə çıxarmaq olar ki, Nikol Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürüldü”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Düşənbə görüşünü Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür: “Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar. Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib. Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır”.O qeyd edib ki, Prezident İlham Əliyevlə Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olundu.
sia.az