“Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikili yanaşmanın göstəricisidir. Hesab edirəm ki, bu Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, Avropa Parlamentinin (AP) belə bir üzvünün olması utanverici bir hadisədir: “Ümumiyyətlə Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi, hesab edirəm ki, ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu birmənalı şəkildə həmin deputatların öz xarakterini, əsl xislətini ortaya qoyan amillərdən biridir.Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun bu addımı beynəlxalq ictimaiyyətin də çaşdırılmasına yönəlik haldır. Bunlar bir çox hallarda anti-Azərbaycan qüvvələrlə əlaqəli işləyən insanlardırlar. Hesab edirəm ki, bu cür hallar çaşdırıcı hadisələr olmaqla yanaşı, eyni zamanda anti-Azərbaycan, ermənipərəst qüvvələrin, erməni diasporunun əlində bir alətə çevrilməkdir. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər kimlərinsə sifarişlərini icra edirlər. Bu hallar birinci dəfə deyil. Düşünürəm ki, bunlarla bağlı Azərbaycanın aidiyyatı dövlət qurumları öz qətiyyətli mövqelərini ortaya qoymalıdırlar. Ümumiyyətlə o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər AP haqqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa bunu da düşünməlidirlər”.
sia.az