“Avropa Parlamentinin üzvü Eleni Teoxarus artıq birinci dəfə deyil ki, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməklə Ermənistanın işğalçılıq siyasətini əstəklədiyini nümayiş etdirir. Lakin avropalı parlamentari öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmalı olduğunu dərk etməli, belə məsuliyyətsiz hərəkətlərlə həm özünün, həm də təmsil etdiyi Avropa Parlamentinin beynəlxalq nüfuzuna zərbə vurduğunu bilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.O bildirib ki, etnik separatizmin dəstəklənməsi Avropa Birliyinə üzv olan bütün ölkələr tərəfindən rədd edilir və bu, beynəlxalq hüquqla o cümlədən Avropa dəyərləri ilə əsaslandırılır: “Bu yaxınlarda fəsadları hələ də davam edən Kataloniya hadisələri zamanı biz katalon separatçılarına qarşı Avropa strukturlarının hamısının necə yekdil mövqedən çıxış etdiklərinin şahidi olduq. Belə mövqe təqdirəlayiqdir və istənilən ölkəyə münasibətdə tətbiq ediləsi bir nümunədir. Ancaq təəssüf ki, bəzi hallarda biz bunu müşahidə edə bilmirik.Yaxşı olar ki, eyni mövqe Dağlıq Qarabağ separatçılarına qarşı da ortaya qoyulsun. Ancaq Avropa Parlamentinin üzvü Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edir, etnik separatçılığı dəstəkləyən qızışdırıcı mövqedən çıxış edir. Avropa Parlamenti isə bütün bunlara nə vaxtsa keçmişdə kiçik bir xəbərdarlıq etməklə münasibət bildirir. Belə hallar yolverilməzdir və Azərbaycanla AB arasındakı münasibətlərin ruhuna ziddir”.H. Babaoğlu qeyd edib ki, AP üzvünün səfərləri avropalı erməni lobbiçiləri tərəfindən maliyyələşdirilir ki, bu da ayrıca hüquq pozuntusudur: “Bəzən olmayan hadisəyə görə ittiham edilən parlamentarilərdən fərqli olaraq Teoxarusa heç bir cəza növü tətbiq edilmir. Bu hüquqla siyasi manipuliyasiya etməkdir. AB -yə üzv olan və bu təşkilatla yaxın əməkdaşlıq olan ölkələr hüquq qarşısında bərabər olmalıdırlar. Hər hansı bir ölkənin ərazi bütövlüyü daha çox qiymətli, başqa bir dövlətinki daha az qiymətli ola bilməz. Bu, qeyri-bərabərlik və ədalətsizlikdir. Ona görə də Avropa Parlamenti öz üzvü haqqında nizamnaməsinə uyğun olaraq ciddi cəza tədbirləri görməlidir”.
sia.az