“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfər zamanı ilk olaraq öz ölkəsinin maraqlarını, o cümlədən ABŞ-ın regionda maraqlandırdığı məsələləri ortaya qoyacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Boltonun regiona səfər zamanı Qafqazın 3 ölkəsində olacağını deyən politoloq söyləyib ki, onlar arasında ABŞ-ın Azərbaycana iqtisadi maraqları daha üstündür: “Çünki, bura milyardlarla dollar yatırım edilib və hazırda Amerika şirkətləri neft-qaz sektorunda fəaliyyətlərini uğurla davam etdirir. Bu baxımdan ABŞ bu maraqların gələcəkdə də təmin olunması və buna heç bir maneə yaradılmamasına çalışır”.Səfərin böyük siyasi, geostrateji əhəmiyyəti olduğunu dilə gətirən İ.Vəlizadə qeyd edib ki, müzakirə ediləcək məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi xüsusi diqqətdə saxlanılacaq: “Bundan regionda təhlükəsizlik məsələləri, Azərbaycan vasitəsilə Əfqanıstana gedən nəqliyyat marşrutun saxlanması, Cənub-Qaz Dəhlizinin davamlılığı kimi məsələlərinin geniş müzakirə olunması gözləniləndir”.
sia.az