“Ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, xüsusilə də fransız diplomatik dövlət və ictimai-siyasi dairələrin təmsilçilərinin Qarabağ separatizminə qanunsuz verdikləri dəstəyə Azərbaycanın reaksiyasi həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə demək olar ki, yetərlidir və öz müsbət rolunu oynayır: “Çox təəssüf ki, Fransanın məlum dairələrinin təmsilçiləri Qarabağın separatçı hərəkatına ən müxtəlif dolayı və birbaşa dəstəklərini davam etdirirlər. Əslində Fransanın həm bəzi diplomatlarının, həm yerliözünüidarə orqanları rəhbərlərinin, həm də Fransa senatının bəzi nümayəndələrinin bu istiqamətdə atdıqları addımlarlar eyni dərəcədə ziyanlıdır. Bir tərəfdən onların bu hərəkəti Fransanın özünün nüfuzunu dünyada zədələyir, digər tərəfdən Fransanın Azərbaycanla münasibətlərini korlayır, Azərbaycanda Fransanın bir dövlət olaraq nüfuzuna ləkə salır, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi birtərəf vasitəçi olmağına rəğmən Fransanın bu missiyasına da ləkə salır. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin dünyada tanınması cəhdlərinə xidmət edən ziyanlı bir rol oynayırlar. Buna görə də Azərbaycan tərəfinin hər dəfə Fransadan edilən bu cəhdlərə çox sərt reaksiya verməsi tamamilə təbii və normal haldır”.
sia.az