PDF Oxu

Siyasət

  • 4 061

İlham Əliyev: “Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür”

İlham Əliyev: “Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür”

“Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir”

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlətimizin başçısı nitq söyləyib. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, dünyada Foruma çox böyük maraq var:

“Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər.

Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir.

Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə biz Avropa nümayəndələrini dəvət etdik.

Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək.”

Dövlətimizin başçısı qeyd edib ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır: “Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır.

Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır.

2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür.

Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik.”

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir:

“Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.

Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır.

Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində.”

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir:

“Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir.

Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq.

Forumda müzakirə olunacaq məsələlərdən biri də təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır.

Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk.”

X X X

Daha sonra Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets, BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Çu Sin, Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış edərək, forumun əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, Beynəlxalq humanitar forumun müzakirələri yaradıcı yanaşma və insan inkişafına əsaslanan yeni dünyanın formalaşdırılması mövzusuna həsr olunub. Forumdakı müzakirələr zamanı çoxtərəfli müttəfiqlik və tərəfdaşlığa zərurət artıq etiraf edilir. Bir çox hallarda qeyd olunur ki, 2030-cu il üçün gündəliyin ən mürəkkəb məsələlərindən biri 17-ci Dayanıqlı İnkişaf Məqsədinə nail olmaqdır. Diqqətə çatdırılıb ki, Forumun uğurlu olması onu göstərir ki, Azərbaycan problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq irəliyə doğru gedir, inkişaf edir və bütün dünyaya örnək göstərir. Həmçinin xüsusi ilə vurğulanıb ki, Azərbaycan BMT-nin müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə humanitar yardımı milyonlarla dollar səviyyəsində artırıb.

X X X

Bununla da VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı. Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.

Digər xəbərlər