PDF Oxu

Siyasət

  • 4 355

"Reketçiliyin qarşısının alınması hər kəsin marağında olmalıdır" RƏY- ÖZƏL

"Reketçiliyin qarşısının alınması hər kəsin marağında olmalıdır" RƏY- ÖZƏL

“Reketçilik artıq uzun illərdir ki, Mətbuat Şurasının mübarizə apardığı məsələdir. Təbii ki, mübarizənin effektiv nəticələri də var. Amma effektiv nəticələr təkcə ictimai qınaqla yekunlaşmır”. Bu fikirləri SİA-ya açıqlamasında “ Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.O bildirib ki, reketçiliklə mübarizə prosesində vətəndaşlar da fəal iştirak etməlidirlər: “Reketlər, cinayətkarlar konkret olaraq hansısa təbəqəni hədəf seçirlər ki, bu sıraya ayrı-ayrı dövlət qurumları, bölgələrdəki təşkilatlar, iş adamları daxildir. Belə olan halda, onlar da mübarizə prosesində fəal iştirak etməli, dərhal neqativ hadisələr haqqında müvafiq qurumları məlumatlandırmalıdırlar. Məsələnin mahiyyətində bu aspekt dayanır”.E.Mirzəbəyli söyləyib ki, hədəf seçilən qurumlar peşəkar media ilə çalışmalı, piar kampaniyanı yüksək peşəkarlıq səviyyəsində aparmalıdırlar: “Ayrı-ayrı bölgələrə səfərlər zamanı keçirilən görüşlərdə bir çox hallarda məlum olur ki, bölgələrdə fəaliyyət göstərən şəxslər, dövlət qurumlarının təmsilçiləri ölkəmizdəki peşəkar media qurumlarını tanımır, amma adı heç kimə məlum olmayan, ayda, ildə bir dəfə nəşr olunan, yalnız reketçiliklə məşğul olan saytları, qəzetləri tanıyırlar. Əslində bu problem onların özlərindən də qaynaqlanır”.Baş redaktor vurğulayıb ki, piar işini peşəkar şəkildə qurmadıqda, şəffaflıq təmin olunmadıqda bu problemlər mütəmadi olaraq ortaya çıxacaq və əslində reket jurnalistikasının ortaya çıxması, daha da çiçəklənməsinə imkan yaradacaq: “Düşünürəm ki, Mətbuat Şurasının qəbul etdiyi qərarlar, açıqladığı nəticələr, yekun hesabatlar xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əgər Mətbuat Şurası reket nəşri “qara siyahı”ya salanda və ya onunla bağlı xəbərdarlıq dərc edirsə, bu, peşəkarların gəldiyi nəticəyə uyğun bir fəaliyyətdir. Təbii ki, biz onların fəaliyyətində cinayət tərkibi axtara bilmərik. Bu, hüquq mühafizə orqanlarının işidir. Amma onların fəaliyyətlərində peşə fəaliyyətinə uyğun gəlməyən bir sıra mühüm məqamlar ortaya qoyulursa, bu artıq bəllidir ki, onların fəaliyyəti jurnalistika deyil”.E.Mirzəbəyli hesab edir ki, Mətbuat Şurasının “qara siyahısı”nda olanlar, eyni zamanda xəbərdarlıq edilənlər xüsusi diqqət mərkəzində saxlanılmalı, onların fəaliyyəti nəzərə alınmalıdır: “Eyni zamanda ayrı-ayrı dövlət qurumları, iş adamları bu sahədə Mətbuat Şurası ilə daha sıx əməkdaşlıq etməlidirlər. Bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaradan bu cür faktorların, şəxsi həyata müdaxilə, qanunsuz, cinayətkar fəaliyyətin media adı ilə ortaya çıxarılması və qarşısının alınması hər kəsin marağında olmalıdır”.

sia.az

Digər xəbərlər