PDF Oxu

Siyasət

  • 4 668

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax və Şəki rayonlarına səfər ediblər

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsdilər. Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verildi.

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq. Daha sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, Aqroparkların yaradılması artıq ölkəmizdə dövlət proqramıdır və bu proses geniş vüsət alıb. Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır:

“Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaqdır. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq arqoparklarıdır. Beləliklə, bu dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına böyük xeyir gələcək, məşğulluq artacaq, insanlar işlə təmin olunacaqlar, yaxşı əməkhaqqı alacaqlar və ölkəmiz idxaldan asılılığı aradan qaldıracaqdır.

Qax aqroparkının yaradılmasına dövlət xətti ilə 13 milyon manat investisiya qoyulub. Bütün infrastruktur dövlət xətti ilə yaradılıb. Bundan əlavə, yeni açdığım kənd yolu da bu aqroparkın fəaliyyətinə əlavə dəstək olacaq. Bu kənd yolunun uzunluğu 44 kilometrdir və bölgələrdə salınan ən uzun kənd yollarından biridir. Ümumiyyətlə, Qax rayonunun inkişafı üçün bu yolun böyük əhəmiyyəti var. Dövlət, eyni zamanda, aqroparkın yaradılmasına güzəştli şərtlərlə kredit şəklində 2 milyon manat pul ayırıb və qalan işləri özəl sektor görüb. Dövlət-özəl sektor tərəfdaşlığı Qax aqroparkının timsalında əyani şəkildə özünü göstərir. Beləliklə, bizim siyasətimiz burada öz əksini tapır.

Azərbaycanın, xüsusilə bu ərazinin çox gözəl təbii şəraiti, gözəl iqlimi, münbit torpağı var. Sadəcə olaraq, biz bu imkanlardan böyük səmərə ilə istifadə etməliyik. Burada müasir suvarma sistemlərinin, ilk növbədə, pivot, damcılama sistemlərinin quraşdırılması, əlbəttə ki, məhsuldarlığın artırılmasına xidmət göstərəcək. İki min hektar ərazisi olan aqroparkın böyük hissəsi müasir suvarma sistemləri altındadır və burada salınan gözəl meyvə bağları - badam bağları artıq reallıqdır. Hələ bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər. Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri - pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq.”

Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

“Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb. Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoydular. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Şəkidə orijinal layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.

Burada dünyanın görkəmli dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük insanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində görülən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir həyatını əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Həmin ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir. Dövlət başçısı qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi: “Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.” Sonda xatirə şəkli çəkdirildi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti kəsiblər. Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və camaşırxana var.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

“ASAN xidmət”in tabeliyində olan “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrinə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək verilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verdilər ki, “ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib. Bildirildi ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.

Digər xəbərlər