Hikmət Şikarov: “Partiyanın sıralarında 723 mindən artıq üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir”
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 10 saylı Birləşmiş şəhər xəstəxanası ərazi ilk partiya təşkilatında YAP sıralarına yeni qəbul olunmuş 81 nəfərə üzvlük vəsiqələrinin təqdimolunması tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı İdarə heyətinin üzvü, 10 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi və ərazi ilk partiya təşkilatının sədri Ələddin Muxtarov qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Onun tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə öz çıxışında bildirib ki, 1992-cil noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.“Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır”, deyə qeyd edən Hikmət Şikarov həmçinin bildirib ki, ötən müddətdə yüksək nüfuz qazanıb, Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçib: “İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və partiyamıza Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Bu gün partiyanın sıralarında 723 mindən artıq üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir”.Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildirdilər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.
sia.az