PDF Oxu

Siyasət

  • 4 384

Azərbaycan dünyada humanitar dialoqun həyata keçirildiyi ölkədir

Azərbaycan dünyada humanitar dialoqun həyata keçirildiyi ölkədir

İlham Əliyev: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır”

Paytaxt Bakıda daha bir beynəlxalq tədbir VI Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən forumda təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar aparıldı.

Təbii ki, Bakının dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi də təsadüfi hal deyildi. Artıq altıncı dəfədir ki, Azərbaycanın paytaxtında baş tutan forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və ölkənin sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin məntiqidir.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan vermiş oldu. İki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənildi və bu müzakirələrdə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində çıxışında vurğuladığı kimi, forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar forumun işinə çox böyük töhfə verəcəklər: “Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir”.

İslam Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına üzv olan Azərbaycan sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Ölkəmizdə tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə mədəniyyət və incəsənət nümunələrimizə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycan müasirliklə tarixiliyin vəhdətində dünyanın diqqətini cəlb edir. Bu gün ölkəmizdə müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanda multikulturalizmin və tolerantlığın nümunəsidir. Bu siyasətin bu gün də dölətimizdə davam etdirildiyin qeyd edən ölkə Prezidenti İlham Əliyev Azərbaycanda bu istiqamətdə dövlət siyasətinin çox səmərəli olduğunu və gözəl nəticələrə gətirib çıxardığını vurğulayıb: “Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”.

Ənənəvi dinlərin məbədlərinin katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisinin Azərbaycan reallıqları olduğunu qeyd edən dövlət başçısı Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğunu iştirakçıların diqqətinə çatdırıb: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status, artıq dünya birliyi tərəfindən tanınır”.

İştirakçılar Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar əldə etdilər və bir daha Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdimində böyük rol oynamış oldular.

Forumda müzakirə olunan məsələlərdən biri də təhsillə bağlı idi. Hələ 15 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ölkənin əsas siyasi kursunun ifadəsi kimi “Neft kapitalını insan kapitalına çevirməliyik” strategiyasını irəli sürmüşdür. Müasir şəraitdə intellektual insan potensialının inkişafı Azərbaycan üçün təkcə elmi aspektdən deyil, bütövlükdə, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, təhsil almaq dinindən və irqindən asılı olmayaraq, hər bir insanın hüququdur. Amma təəssüflə də olsa, qeyd edək ki, bu gün dünyada, 260 milyon uşaq hələ də ibtidai məktəbə getmir. Ekspertlərin qənaətinə görə, belə olarsa, 2030-cu ilədək bu göstərici 800 milyona çata bilər. Bir çox ölkələrdə uşaqların təhsil almamasının səbəbləri, münaqişələr, yoxsulluq və digər xoşagəlməz hallardır. Azərbaycanda isə təhsil sisteminin maddi-texniki bazası möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə yüksək qayğı və diqqət göstərməsi və bu sahənin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi son illərdə müstəqil respublikamızda təhsilin inkişafına əlverişli şərait yaradıb. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında əksini tapmışdır. Bu gün Azərbaycanda dünyanın ən müasir təhsil ocaqları tikilib. Hətta ən ucqar dağ kəndlərində belə müasir tipli məktəblər istifadəyə verilib. Forumda dövlət başçısı iştirakçıların diqqətinə çatdırıb ki, son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib: “Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən, maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində, müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır”.

Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək kadların yetişməsinə doğru atılan addımlar, bizə deməyə əsas verir ki, bu gün ölkəmizdə savadsızlıq, demək olar ki, sıfıra bərabərdir. Dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində, bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilir.

Göründüyü kimi, Azərbaycan dövləti iqtisadi islahatları dərinləşdirərək, sosial sahədə uğurlar əldə edib. Hər bir ölkənin təhsil sisteminin vəziyyəti həmin ölkənin dayanıqlı ardıcıl inkişafını təmin edən amillərdəndir. Forum təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyəti ilə yadda qaldı. Forumun Bəyannaməsi qəbul edildi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər