Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin geniş iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında geniş məlumat verib.Ş.Hacıyev sonuncu iclasdan ötən dövrdə görülən işlər, ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr və yeniliklər barədə danışaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu, Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Bakıda möhtəşəm hərbi paradların keçirildiyini xatırladıb.Bildirib ki, son 15 ildə də Azərbaycan bir çox uğurlara imza atıb: "Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb və Azərbaycan regionda lider dövlətə çevrilib. Bu gün Azərbaycanda yaradılan güclü iqtisadiyyat, xalq-iqtidar birliyi və Prezidentin şəxsi nüfuzu dövlətimizin başçısına tam müstəqil və uğurlu siyasət yürütməyə imkan verir".Azərbaycanın dünyada həm də zəngin multikulturalizm ənənələri ilə tanındığını vurğulayan Ş.Hacıyev deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz nəhəng transmilli layihələrin həyata keçirilməsinə nail olub. Bu layihələr Azərbaycanla yanaşı, regionda da əməkdaşlığın inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Azərbaycanın sürətli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə YAP-ın da mühüm rol oynadığını vurğulayan Ş.Hacıyev bu baxımdan partiyanın Səbail rayon təşkilatının da fəallığı ilə seçildiyini bildirib.Rayon təşkilatının sədri, həmçinin YAP Səbail rayon təşkilatı tərəfindən il ərzində, o cümlədən sonuncu iclasdan ötən müddətdə həyata keçirilən tədbirlər və görülən işlər barədə də ətraflı məlumat verib. Təşkilatın sədri son dövrdə partiya sıralarına qəbul olunan üzvlər arasında gənclərin və qadınların sayının artdığını məmnunluqla vurğulayıb. Bildirib ki, təşkilatın sıralarına yeni qəbul olunan üzvlərin 64 faizini gənclər, 48 faizini qadınlar təşkil edirlər.Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
sia.az