Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmiləri, eyni zamanda DQİDK Yanında İctimai Şuranın üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu, xalqımız üçün qoyduğu tarixi mirasın önəmi və həmin dövrdəki dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, AXC-nin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir. Xalq Cümhuriyyətinin mövcudluğunun ilk günlərindən ərazisində yaşayan bütün vətəndaşlara eyni hüquq və azadlıqlar verilib, irqi, milli, dini bərabərsizlik tamamilə aradan qaldırılıb. Hökumət tərəfindən din siyasətini həyata keçirmək məqsədilə Dini Etiqad Nazirliyi yaradılıb, dini təhsilin təkmilləşdirilib, din xadimlərinə qayğı, qeyri-müsəlman dinlərə fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Çox qısa ömür sürməsinə baxmayaraq, AXC-nin əsasını qoyduğu ideyalar Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən reallığa çevrilib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu şanlı tarixə böyük diqqət və qayğı göstərir. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətçilik ənənələrimizə sahib çıxmaq və onu gələcək nəsillərə ötürmək baxımından təqdirəlayiq addım olduğunu deyib.Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov təqdimatla çıxış edib.Ardınca digər çıxışçıların məruzələri dinlənilib.Konfrans Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması, xalqımızın vicdan azadlığının təmin edilməsi və milli-mənəvi dəyərlərinin qorunması məqsədilə atılan mütərəqqi addımlar, eyni zamanda hazırda bu ənənələrin uğurla davam etdirilməsi barədə fikir mübadiləsi ilə yekunlaşıb.
sia.az