PDF Oxu

Siyasət

  • 4 077

Azərbaycanı və Türkmənistanı tarixi köklər birləşdirir

Azərbaycanı və Türkmənistanı tarixi köklər birləşdirir

İlham Əliyev: “Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik”

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi. Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında diqqətə çatdırıb ki, Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir:

“Biz bunu siyasi arenada, iqtisadi məsələlərimizdə, bir sıra başqa sahələrdə görürük. Bu baxımdan bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik.

Buna görə biz əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik göstərir, bu dəyərlərin böyüməkdə olan nəslə ötürülməsi işinə incəsənət xadimlərini, yaradıcı ziyalıları cəlb edirik.

Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə, ona görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.”

***

Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında bildirib ki, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir:

“Sağ olun, hörmətli cənab Prezident. Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim. Dünən Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi, şəxsən Sizin qonaqpərvərliyiniz sayəsindədir.

Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın bütün qardaş xalqını inkişafda qazandığınız böyük nailiyyətlərə, Türkmənistanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini qoruyub saxlamağınıza və bunları yeni nəsillərə ötürməyinizə görə təbrik etmək istərdim.

Siz qeyd etdiyiniz kimi, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir. Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək. Azərbaycanda biz Sizin uğurlarınıza sevinirik. Biz əminik ki, qardaş Türkmənistan xalqı Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi yolu ilə irəliləyəcək. Əlbəttə, belə yaxşı imkanlardan istifadə etməklə əməkdaşlığı möhkəmlətmək lazımdır. Biz məhz bununla məşğuluq və əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq.”

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətinin üzvləri.

İcazə verin, bizim dəvətimizi qəbul etdiyinizə və qardaş, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edim. Əlbəttə, Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim mehriban qonşuluğumuzun, qarşılıqlı hörmətin, beynəlxalq aləmdə, ticari-iqtisadi əməkdaşlıq məsələlərində və mədəni-humanitar sahədə təsəvvürlərimizin şaxələndirilməsinin məntiqi davamıdır.

Xarici siyasət məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyiriniz. Əlbəttə, biz bütün məkanlarda, BMT və ATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Mənim fikrimcə, bu da çox düzgündür. Əlbəttə, tərəfdaşlıqda elə məsələlər var ki, biz onlara da münasibət bildirməliyik. Terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıq kimi təhdidlər və çağırışlar bu qəbildəndir.

Buna görə də biz əlbəttə ki, belə təhdidlərə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyik.

Demək istərdim ki, Xəzər dənizi də bizi birləşdirir. Bu yaxınlarda Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusu barədə Konvensiyanı qəbul etdilər. Buna görə bizim üçün burada da, o cümlədən mehriban qonşuluq məsələlərində çox böyük imkanlar yaranır. Başlıca məsələ odur ki, biz hamımız eyni fikirdəyik - Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir və biz bundan sonra da fəaliyyətimizi bu ruhda davam etdirəcəyik.

Bizim ticari-iqtisadi məsələlərimizə gəldikdə, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir və buna görə Sizə təşəkkür edirik. Sevindirici haldır ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb. Azərbaycanın yeni texnologiyaları əlbəttə ki, bizi cəlb edir. Hər halda bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik.

***

Azərbaycan Prezidenti İlham Əliyev:

-Sağ olun, əziz Qurbanqulu Məlikquliyeviç.

Mən, ilk növbədə, qonaqpərvərliyə, dəvətə, səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən yenidən qardaş Türkmənistan torpağında olmağıma şadam. Mən dünən ölkənizin nailiyyətləri ilə tanış olmaq imkanı qazandım və bu, Türkmənistanın inamlı müsbət inkişafının nümayişidir. Şəxsən Sizi və bütün Türkmənistan xalqını quruculuq yollarında böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm.

Biz də səfərə böyük əhəmiyyət veririk və səfər çox yaxşı hazırlanıb. Səfərin yekunları üzrə xeyli sənədin imzalanacağı nəzərdə tutulub. Əminəm ki, onlar vaxtında reallaşacaq və bununla da bizim əməkdaşlığımız üçün daha yaxşı şərait yaranacaq.

Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar. “Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdı Toylıyev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın sənaye naziri Xoşgeldi Mergenov imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər. Əvvəlcə Türkmənistan Prezidenti bəyanatla çıxış edib. Prezident Qurbanqulu Berdiməhəmmədov öz bəyanatında bildirib ki, həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir:

“Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.

Onu da demək istərdim ki, bu gün biz həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq.

Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri - kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni, bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək.

Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı. Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq.”

Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyev öz bəyanatında bildirib ki, Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir:

“Hörmətli cənab Prezident. Hörmətli dostlar.

Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir.

Səfər sona yaxınlaşır. Artıq bu gün demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.

Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri noyabrın 22-də başa çatıb.

Digər xəbərlər