“Erməni separatçılarının lideri Bako Saakyanın ard-arda üç həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, bu üç dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər: “Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın üç dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər. Bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın da istəyi budur. Bu tələdən çıxış yolu tapmalıyıq. Əslində bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır”.
sia.az