PDF Oxu

Siyasət

  • 5 277

Dövlətin şəhid ailələrinə qayğısı davamlı xarakter daşıyır

Dövlətin şəhid ailələrinə qayğısı davamlı xarakter daşıyır

Bütün bunlar uğurlu sosial siyasətin məntiqi nəticəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. Belə ki, Azərbaycan Prezident İlham Əliyevin mühüm sosial önəm kəsb edən 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmənin verilməsi prosesi bu gün qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir.

Əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsidir

Bu gün Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkəmizin iqtisadi inkişafı nəticəsində, sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir.

Təbii ki, sözügedən Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə, bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır. Belə ki, son 15 ildə yüksək səviyyədə davam edən siyasət nəticəsində şəhid ailələrinə, döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısı daim artıb və bu məqsədlə icra olunan proqramlar daha da genişləndirilib. Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə, 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək, əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.

Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin və pensiyaların dəfələrlə artırılması təmin olunub.

Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev deyib ki, ölkə başçısı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına həmişə böyük qayğı ilə yanaşıb. Onun sözlərinə görə, sözügedən Fərman ölkə başçısının şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir: “Ölkə Prezidenti Fərman verərək, öz fondundan bu vəsaiti ayırmaqla məsələni köklü sürətdə həll etdi və dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Bu Fərman böyük bir addımdır. Əslində, bu, Prezidentin o ailələrə birbaşa öz fondundan verdiyi yardımdır və yüksək qiymətləndirilməlidir”.

M.Quliyev əlavə edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: “Əlbəttə, bu mühüm sənəd həm sosial müdafiə, həm də vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Hərbi qulluqda xidmət edən, döyüşəcək insanlara, onların ailələrinə böyük stimuldur. Bu, ölkə Prezidentinin humanist xarakterindən, Azərbaycan dövlətinin humanist siyasətindən xəbər verən Fərmandır. Bu proses başa çatandan sonra növbəti mərhələdə Qarabağ müharibəsi veteranlarına birdəfəlik sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir”.

Düşünülmüş siyasət, güclü iqtisadiyyat

Bu, real faktordur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan heç kimdən asılı deyil və iqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırıb. Dövlət başçısının söylədiyi kimi, iqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: “Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır.

Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

R.HÜSEYNOVA

Digər xəbərlər