"2018-ci il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir. Bütün sahələrdə dinamik inkişaf təmin edilib və bu proses davam etməkdədir". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin 2018-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı zamanı çıxış edərkən deyib.O bildirib ki, 27 illik müstəqillik tariximizin son 15 ili xüsusi ilə önəmlidir. Onun sözlərinə görə, tarix üçün 15 il çox qısadır, amma bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil: "Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Ölkə başçısı, bu müddət ərzində Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib".Komitə sədri bildirib ki, Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Məhz elə bunun nəticəsidir ki, cənab İlham Əliyev növbəti dəfə xalqın etimadını qazanaraq yenidən prezident seçildi. Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlib. Təkcə iki beynəlxalq layihənin adını çəkmək kifayətdir ki, dövlətimizin nə qədər güclü olduğunu görək. Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də TANAP –ın istismara verilməsi təkcə Azərbaycan üçün deyil, qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Həmin layihələr bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir". Cari ildə ölkəmizin əldə etdiyi uğurlardan söz açan H.Hüseynova vurğulayıb ki, bu il orbitə çıxarılan "Azerspace-2" peyki və digər amillər güclü iqtisadiyyatımızın yaranmasına imkan verir: "Bu gün Beynəlxalq Hesabatlarda Azərbaycan yüksək qiymətləndirilir. Bütün bu qiymətləndirmələr bir daha sübut edir ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı ilə aparılan sistemli islahatlar, regionlarımızın inkişafına yönələn sosial-iqtisadi proqramlar öz müsbət nəticələrini verməkdədir".Ən nümunəvi layihələrdən birinin ASAN olduğunu deyən H.Hüseynova qeyd edib ki, bu, Azərbaycanın brendidir: "Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması əhali arasında yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Ölkədə vətəndaşlara daha tez və operativ xidmətlərin göstərilməsi sahəsində davamlı olaraq yeni layihələr reallaşır. Bunlardan biri də DOST-dur. Onun əsas məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Digər layihələrdən biri də icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı yeni yaradılacaq TƏBİB-dir. İl ərzində həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texno-parkların açılışı, təməlqoyma mərasimləri buna əyani sübutdur. Biz hansı sahəyə baxsaq, orada inkişaf, uğur görürük. Və bu dostlarımızı sevindirir, düşmənlərimizi isə təbii ki, narahat edir".
sia.az