PDF Oxu

Siyasət

  • 3 617

Azərbaycanda güclü idman potensialı formalaşıb

Azərbaycanda güclü idman potensialı formalaşıb

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak edib

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada, əsasən, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il “Mübarizlər” yarışı keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış ediblər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülüyə də xüsusi diqqət yetirilir.

İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır. Onu da qeyd edək ki, idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırırlar. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur. İdman-Sağlamlıq Mərkəzinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

Digər xəbərlər