Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.
Daha sonra Dövlətimizin başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına komitə tərəfindən elektronlaşdırılan xidmətlər barədə məlumat verildi. Komitə artıq 40 xidməti elektron qaydada vətəndaşlara birbaşa və e-Hökumət portalı vasitəsilə təqdim edir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşlar üçün daha çox maraq doğuran “Əmlak kalkulyatoru” iş prinsipləri və “Elektron çıxarışın yoxlanılması” kimi elektron xidmətlər nümayiş olundu. “Elektron çıxarış” xidməti vətəndaş məmur ünsiyyətini tam məhdudlaşdırır. Belə ki, elektron imzaya sahib vətəndaş istənilən yerdən e-Hökumət portalı vasitəsilə xidmətə müraciət edir, müvafiq sənədlərini göndərir, Komitə tərəfindən hazırlanmış elektron çıxarış isə onun portaldakı şəxsi kabinetinə göndərilir. Vətəndaş digər dövlət orqanlarına müraciət zamanı elektron çıxarışının düzgünlüyünü yoxlamaq üçün “Elektron çıxarışın yoxlanılması” xidmətindən istifadə edir. Qısa müddət keçməsinə baxmayaraq, artıq 8 mindən çox “Elektron çıxarış” sahibi var.
Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.
Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.
Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verilib. Prezident İlham Əliyev daha sonra kollektivə uğurlar arzulayıb.