“Davos İqtisadi Forumu həm də o xüsusiyyətləri ilə seçilir ki, burada ölkələrin iqtisadi gücləri ilə yanaşı, həm də xarici siyasət faktorları da müəyyən olunur. Çünki diplomatiya elə bir amildir ki, onun tətbiqi bütün sferaları, arealları əhatə etməkdədir. Məhz bu mənada, Prezident İlham Əliyevin Davos forumundakı iştirakı, eləcə də iştirakı çərçivəsində digər xarici ölkə missiyalarının, eləcə də media qurumlarının Ona olan diqqət və maraq kontekstindən çıxış etmələri müstəqil siyasət yürüdən, eyni zamanda, islahatçı, tərəqqi və inkişaf yolunu tutan Azərbaycana böyük marağın bariz təzahürüdür”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev, Azərbaycan Prezidenti İlham Əliyevin Davos iqtisadi forumunda iştirakı barədə münasibətini açıqlayarkən deyib.Siyasi ekspertin sözlərinə görə, Azərbaycana olan diqqətlərdən biri də ölkəmizin müxtəlif beynəlxalq layihələrdə təşəbbüskar, həmçinin ideyaverici rolunda çıxış etməsindən irəli gələn uğur tendensiyasıdır. “Əbəs deyil ki, Azərbaycan Avropanın ən mütərəqqi enerji layihələrində öncüllük təşkil edir, həm də, enerji təhlükəsizliyi məsələsində önəmli mövqeyə sahibdir”, deyən Bəhruz Quliyev biznes mühiti baxımından da ölkəmizin liderlər sırasında yer aldığını xatırladıb: “Bu gün Azərbaycana yalnız investisiyalar qoyulmur, eləcə də Azərbaycan bir sıra xarici ölkələrə sərmayələr yatırır, müştərək, qlobal layihələrə imza atır. Əlbəttə ki, illər öncə biz bütün bunları təsəvvürümüzə belə, gətirə bilməzdik. Lakin cənab İlham Əliyevin məqsədyönlü, müdrik və möhtəşəm siyasi təcrübəsi nəticəsində ölkəmiz qısa müddət ərzində çox böyük bir yol keçib”.Baş redaktor, Davosda Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsində irəli sürdüyü fikirlərinə də toxunaraq bildirib ki, Azərbaycanın inamla uğurlar qazanması istər daxili, istərsə də müəyyən xarici qüvvələri narahat edir: “Belə ki, bu istiqamətdə, yəni ölkəmizin artan nüfuzuna qarşı fəaliyyət göstərənlərə, dövlət başçımız bu müsahibəsində ən layiqli cavabını verib. O, vurğulayıb ki, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Bəli, bu bir liderin, xalqın iradəsi və dəstəyi ilə ölkəsini uğurla idarə edən Prezidentin skeptik, uğursuz düşüncə sahiblərinə verdiyi ən mükəmməl cavabıdır”.Bəhruz Quliyev son olaraq qeyd edib ki, yalnız Davos iqtisadi forumu deyil, həmçinin digər nüfuzlu beynəlxalq forum və tədbirlərdə cənab İlham Əliyevə göstərilən rəğbət bir reallıqdır ki, müasir, müstəqil Azərbaycan dövləti bundan sonra da davamlı, dayanıqlı, dinamik inkişaf yolu ilə irəliləyəcək, dünyanın qlobal problemlərinin həll olunmasında söz sahibi qismində çıxış edərək, daha nəhəng uğurlara imza atacaq. “Biz, bu gerçəkliyin şahidləriyik. Söz yox ki, bu gerçəkliklər xalqımızın daha firavan yaşaması, dövlətimizin daha da qüdrətli olması üçün atılan addımlardır. Hesab edirəm ki, Davos iqtisadi forumu və bu forumda Prezident İlham Əliyev cənablarının fəaliyyəti qeyd edilən bütün fikirləri kifayət qədər sübut etməkdədir”.
sia.az