“Rəsmi Bakı adından bəyanatları, açıqlamaları peşəkarlar verir. Hər kəsin cənab Prezidentdən götürdüyü bir örnək var: Səbr etmək, təmkini pozmamaq, ədalətin bərqərar olacağı anı gözləmək! Bəli, zamanında bir çox məkrli qüvvələr Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər, ədalətsizlik ediblər, üzərimizdə qara buludlar əsdirməyə çalışıblar. Amma hər bir halda, sonucda uduzublar, fiaskoya uğrayıblar. Çünki həqiqət enində-sonunda zəfər çalır. Qurumlar var ki, qərar və qətnamələri ilə elə səhvlər ediblər, bu səhvlərdən bütün dünya, bəşəriyyət şoka düşüb. Fəqət, bir müddət sonra az qala yalvara-yalvara qayıdıblar ki, bizimlə əməkdaşlığı bərpa eləsinlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, Azərbaycan müstəqildir, kimsənin işinə qarışmadığı kimi öz işlərinə də kimsənin qarışmasını istəmir: “Azərbaycan heç kimin vassalı, söz deyəni, for-postu deyil. Öz adı ilə, öz sözü ilə, öz mövqeyi ilə tanınır. Bu ölkənin İlham Əliyev kimi prinsipial, millətini sevən lideri var. Belə ölkəyə təsir etmək, əmr etmək, ultimatum vermək olarmı? Mümkün deyil! Hamı öz yerini bilsin! Bizim ən böyük sərvətimiz müstəqilliyimiz və İlham Əliyev kimi ləyaqətli liderimizdir. Nə qədər ki, xalq, millət bu Liderə sahib çıxır, onu qoruyur, müstəqilliyimiz də daimi olacaq. Bizə təsir və təzyiq etmək istəyən, tövsiyyə və ağsaqqal məsləhəti vermək istəyən Beynəlxalq Təşkilatlar, dövlətlər isə ilk öncə özlərinə, öz durumlarına baxsınlar. Onların hamısına demokratiyadan da, insan hüquq və azadlıqlarından da dərs keçərik. Azərbaycandakı demokratiya hər kəsə, istənilən dövlətə örnək olacaq bir demokratiyadır”.
sia.az