Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, DGK-da keçirilən mükafatlandırma mərasimində komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, DGK-sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, DGK-nın Baş idarə rəisləri və media nümayəndələri iştirak ediblər.DGK-sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İ.Hüseynov çıxış edərək son illərdə gömrük sahəsində aparılan islahatlardan, yeniliklərin bu sahənin inkişafına yüksək təsirindən söz açıb.O, jurnalistlər arasında yazı müsabiqəsinin gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə təşkil edildiyini bildirib.İ.Hüseynov media nümayəndlərinə yazı müsabiqəsində fəal iştiraklarına görə minnətdarlığını bildirib və qalibləri təbrik edib.Mətbuat Şurasının sədr müavini M.Ələsgərli ölkəmizdə dövlət tərəfindən media nümayəndələrinə göstərilən diqqət və qayğıdan, jurnalistlərin öz peşə fəaliyyətini sərbəst və yüksək səviyyədə yerinə yetirməsi üçün yaradılan şəraitdən söz açıb. O, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində aparılan uğurlu işlərdən danışıb.M.Ələsgərli DGK-nın jurnalistlər üçün müxtəlif layihələr təşkil etdiyini və media nümayənlərinin bu layihələrə böyük maraq göstərdiklərini vurğulayıb. O, Komitənin hər zaman mediaya açıq olduğunu, jurnalistlərin aparılan islahatları və baş verən hadisələri peşəkarlıqla işıqlandırdıqlarını qeyd edib. Mətbuat Şurasının sədr müavini qalibləri təbrik edib.Daha sonra mükafatlandırma mərasimi keçirilib.“Səs” İnformasiya Agentliyinin redaktoru Elgün Aslanov birinci, “Bakı-xəbər” qəzetinin əməkdaşı Samirə Səfərova və “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Aysel Oğuz ikinci, “Həftə içi” qəzetinin əməkdaşı Azad Əliyev və “Bizim yol” qəzetinin əməkdaşı Gülnarə Muxtarova üçüncü yerə layiq görülüblər.Birinci yerin qalibi 1000 (min) manat, ikinci yerin qalibləri 800 (səkkiz yüz) manat, üçüncü yerin qalibləri isə 500 (beş yüz) manat pul mükafatı, diplom və qiymətli hədiyyə ilə təltif olunublar.Daha 5 nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici mükafata layiq görülüb.Sonda xatirə şəkli çəkdirilib.
sia.az