Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Prezident İlham Əliyev giriş nitqində diqqətə çatdırıb ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı artıqlaması ilə yerinə yetirilib. Dövlət başçısı qeyd edib ki, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub, üçüncü proqramın çox böyük əhəmiyyəti var:
“Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.
Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır.
Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.
Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.
Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq.
Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.”
Dövlət başçısı qeyd edib ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olub, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar: “Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.”
Prezident İlham Əliyev qeyd edib ki, son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Diqqətə çatdırılıb ki, bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir:
“Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır. Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.
Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.”
Dövlət başçısı bildirib ki, ölkəmiz bu illər ərzində kosmik dövlətə çevrilib. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olub:
“Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.”
X X X
Sonra çıxışlar olub. Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, İmişli rayonundakı “Muğan Aqroservis” iri toxumçuluq təsərrüfatının direktoru Rəcəb Orucov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, “Hacıqabul Quşçuluq” MMC-nin direktoru Nemət Babaşov çıxış edərək bildiriblər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bütün bölgələrdə iqtisadiyyatın dirçəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və onların sosial problemlərinin həllinə güclü təkan verib.
Dövlətimizin başçısı konfransda yekun nitq söyləyib. Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. İqtisadi göstəricilər, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur: “Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır.
Prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapıb. Ancaq bu proses davam etdiriləcək. Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.
Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın.
İçməli su layihələri davam etdirilir. Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq.”
Prezident qeyd edib ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir:
“Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb.
Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.
Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir.
Bildiyiniz kimi, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək.
Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük müvəffəqiyyətdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir.”