“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Prezident İlham Əliyevlə enerji təhlükəsizliyi, təhlükəsizlik, Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığı bildirilir. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri vəzifəsini daşıyan şəxsin regionla yaxından maraqlanması və proseslərdə fəallığı bütövlükdə ABŞ-ın, Tramp administrasiyasının Cənubi Qafqaza diqqəti kimi qəbul oluna bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, son vaxtlar Boltonun fəallığı xüsusi olaraq diqqət cəlb edir: “Bu da təsadüfi deyil. ABŞ-ın xarici siyasət strategiyasında xüsusi yer ayırdığı Yaxın Şərq, İran, Rusiya, Türkiyə, habelə Çinin Avrasiya inteqrasiyasına yönəlmiş meqalayihəsi Cənubi Qafqazla bilavasitə əlaqədardır. Məhz ABŞ-ın təhlükəli rəqibləri İran, Rusiya, Çin və Türkiyə amilləri Cənubi Qafqaza diqqəti artırmağı zəruri edir”.Politoloq söyləyib ki, Con Boltonun Prezident İlham Əliyevlə telefon söhbətində enerji, təhlükəsizlik, Dağlıq Qarabağ məsələlərini müzakirə etməsi bu məsələlərin kompleks şəkildə həllinin ABŞ-ın maraqlarına cavab verməsi baxımından da diqqətəlayiqdir: “Rusiya və İran həm də ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməməsi, bu ölkələrin dünyaya açılmaması üçün regionda münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin olmasında, enerji layihələrinin uğurla həyata keçirilməməsində maraqlıdırlar. Lakin ABŞ Avropanın Rusiyadan enerji asılılığının azalmasını istəyir, bunun üçün Cənub Qaz dəhlizinə ehtiyac duyur, Çinin "bir qurşaq, bir yol" layihəsi üzərindəki ölkələri nəzarətə almaq, İran ətrafında şimaldan həlqəni daraltmaq, Qara dəniz hövzəsi ölkəsi olaraq Ukrayna və Gürcüstanı gələcəkdə NATO-ya daxil etmək, Ermənistanda Paşinyan hakimiyyətinin möhkəmlənməsini, Rusiyaya qarşı tədbirlərin səmərəliliyini təmin etmək üçün Azərbaycana böyük ehtiyac duyur”.N.Məmmədova qeyd edib ki, Azərbaycanın hakimiyyətinin və xalqının rəğbətini qazanmağın ən əsas yolu Dağlıq Qarabağ münaqişəsinin real həllidir: “Hazırda bunun üçün heç zaman olmadığı kimi əlverişli şərait yetişib. Bunu Azərbaycan prezidenti İlham Əliyev də çıxışında xüsusi vurğulayıb. Ümumiyyətlə, dövlət başçımızın bu barədə çıxışlarında nikbinlik tonları xeyli artıb. Görünür, danışıqlar prosesində real, ümidverici irəliləyişlər var və Con Boltonla Prezident İlham Əliyevin telefon danışığı da bu prosesin gedişatında növbəti hadisədir. Enerji, təhlükəsizlik və Qarabağ ayrılmaz məsələlərdir və onların kompleks həlli regionda sabitliyi gücləndirməklə yanaşı, ABŞ-ın nüfuzunu xeyli dərəcədə artıra bilər”.
siaşaz