Yaxud Avropa Parlamenti İrəvanın “Nubaraşen həbsxanası»nda aclıq elan edən jurnalist Mger Yegiazaryanın ölməsinə niyə münasibət bildirmir?
17 yanvarda tarixində Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etdiyi gün İrəvanın «Nubaraşen həbsxanası»nda 5 dekabr 2018-ci ildə aclıq elan edən jurnalist, “haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan Partiyası”nın sədr müavini, Paşinyanın “küçə şouları”na dəstək verməyən Mger Yegiazaryan səhhətində yaranan problemlərə görə, təcili xəstəxanaya köçürülmüşdü.
Siyasi mövqeyinə görə Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi əsasında “dələduzluq” ittihamı ilə həbs edilən jurnalist aclıq aksiyasını 44 gün davam etdirdi. Yəni Paşinyan tərəfindən siyasi baxışına görə cəzalandırılan, etdiyi müraciətlərə məhəl qoyulmayan Mgerin hüquqları pozuldu və öldü. Bu hadisə həmin vaxta təsadüf edirdi ki, Mgerin ölüsünə ağlamayan Avropa Parlamenti heç aclıq aksiyası keçirməyən Mehman Hüseynovun diriliyinə “yas tuturdu”. Vay-şivən qoparırdı ki, qoymayın, Mehman ölümə məhkum olunub, Azərbaycanda demokratiya pozulub, insan hüquqları qorunmur. Yəni ölən Mger olsa da, AP-də müzakirəyə çıxarılan “Mehman Hüseynov məsələsi” oldu. Əvvəllər olduğu kimi, avropalı parlamentarilər yenə də Ermənistan hakimiyyətinə güldən ağır söz demədilər. “Mart hadisələri” ilə ittiham edilən, prezident seçkilərində aksiya iştirakçılarını gülləbaran edən sabiq prezident Robert Koçaryanı həbs edən Nikol Paşinyanın əməllərini “görməyən” erməniləşmiş avropalılar baş nazirin başına tumar çəkdilər.
Mehman Hüseynov məsələsi qitə ölkələrində məskunlaşan milli xəyanətkarlar, Azərbaycanın daxili düşmənləri tərəfindən süni olaraq ortaya atılan bəhanə idi. Çünki bloggerin ailə üzvləri, həbsdə ona baş çəkən hüquq müdafiəçiləri də təsdiqlədilər ki, Mehman aclıq keçirməyib və səhhətində heç bir problem yoxdur. Mehmanın saytlarda yerləşdirilən idmançıya məxsus görkəmi də onun aclıq keçirmədiyini təsdiqləyirdi. Mehman Hüseynovun müraciətinin araşdırılması üçün aidiyyəti orqanlara tapşırıq verən, ölkəmizdə demokratiyanın inkişafı üçün ciddi islahatlar aparan, insanların azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas amili kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin humanizmi və xeyirxahlığı nəticəsində, məsələ müsbət həll olundu. Ermənistanda isə siyasi mövqeyinin qurbanı olan, hakimiyyətə qarşı müxalif mövqedə dayanan siyasi məhbusun, jurnalistin ölümü təbii qəbul edildi. “Jurnalistin ölümü hakimiyyətin siyasi qətlidir” söyləyən erməni şərhçi Qarnika Qevorqyanın da səsi Avropa Parlamentinə “çatmadı”.
Ümumiyyətlə, Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi son və həm də qərəzli qətnamə Azərbaycan kimi müstəqil siyasət yürüdən bir ölkəyə təzyiq vasitəsidir. Bu, həm də o Avropa Parlamentidir ki, onun üzvlərinin təmsil olunduqları ölkələrin bir çoxunun, məhz enerji təminatçısı Azərbaycan dövlətidir. Təbii ki, Avropa Parlamenti bir məqamı unudur ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında avropalıların ən çox ehtiyac duyduğu ölkə Azərbaycandır. Yəni Avpropa ölkəmizə nə qədər lazımdırsa, Azərbaycan da bir o qədər Avropaya gərəklidir. Çünki Azərbaycan qlobal enerji layihələrinin müəllifi olaraq, regionda əsas söz sahibidir.
Avropa Parlamentinin daha bir saxtakarlığı və ölkəmizə qarşı həyata keçirdiyi ikili standart siyasətinin nümunəsi, məhz Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə həbs edilən “Haynyus.am” saytının rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan Partiyası”nın sədr müavini Mger Yegiazaryanın “Nubaraşen” təcridxanasındakı ölümünə hələ də biganə qalmasıdır. Məlumatlara görə, bu media nümayəndəsinə təcridxanada ciddi psixoloji təzyiqlər göstrəilib və işgəncələr verilib.
Bu təşkilatın həmişə sərgilədiyi ermənipərəst mövqe hər kəsə məlumdur. Bu təşkilat haqqında, artıq belə bir qəti rəy formalaşıb ki, o, islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək, müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur. Ən dəhşətlisi isə odur ki, qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının ölkəmizdəki dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsi bir daha onların antimilli mahiyyətindən xəbər verir.
Həmçinin, eyni ərazidə yerləşən respublikalarda baş verən hadisələri fərqli baxışdan dəyərləndirən AP-in gözlərinin qabağında, Fransada baş verən hadisələri də «görməməsi» bu təşkilatın bivec üzvlərdən ibarət formalaşdığını göstərir. Bu kimi antidemokratik mövqeyin nəticəsidir ki, Böyük Britaniyanın ardınca Almaniya və Fransa kimi dövlətlər də Avropa təşkilatlarında təmsil olunmaq istəmirlər. Qitə dövlətlərində məskunlaşan mühacirlərlə qeyri-insani rəftar edənlərə, terrorçulara dəstək göstərilir. Buna baxmayaraq qarşılıqlı tərəfdaşlığa, hörmət və ehtirama sadiq qalan Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşdır. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti ölkəmizə qarşı ədalətsizlikləri və ikili standartları etiraf edirlər.
«Səs» Analitik Qrupu