PDF Oxu

Siyasət

  • 7 145

Prezident İlham Əliyevin hücum diplomatiyası Ermənistanı dalana dirəyib

Prezident İlham Əliyevin hücum diplomatiyası Ermənistanı dalana dirəyib

Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi artıq sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Bu faktoru şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşıb. Buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə olunub. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgədə yeni reallığın yaranması üzə çıxıb.

Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətini daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasətinin real nəticəsidir. Təkcə, bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu xüsusda bildirir: “Prezident Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya Cənab İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Ermənistanın baş naziri Nikol Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə, bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik: xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin, Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”.

Azərbaycan strateji müttəfiqimiz olan istər İran, istər Türkiyə və istərsə də Gürcüstan Qarabağ məsələsinə yanaşmada ölkəmizin mövqeyini tam dəstəkləyirlər. Bütün bunlar isə, Prezident İlham Əliyevin uğurlu diplomatik xarici siyasətinin real nəticəsidir.

Ermənistan

iflasdan-iflasa

Bu gün işğalçı Ermənistanın sosial-iqtisadi cəhətdən vəziyyətin daha da pisləşdiyi, ölkədə tənəzzül prosesinin durmadan genişləndiyi müşahidə olunur. Bunun səbəbi yeni baş nazir Nikol Paşinyanın sələfi Sarkisyandan fəqrlənməyən siyasəti, eləcə də, iqdisadi və hərbi savadsızlığı ilə bağlıdır. Halbuki Ermənistan hakimiyyəti inqilabi dəyişiklikdən sonra yeni seçilən baş nazir Nikol Paşinyan xalqına müraciətində demişdir ki, bundan sonra Ermənistan iqdisadiyyatı yüksələn xətlə inkişaf edəcək və bütün sferalarda islahatlar aparılacaq. Ancaq Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini qeyd edirlər. Sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gün də davam etməkdədir. Ermənistanın geridə qalmış ölkə kimi, hər zaman Rusiyanın köməyi hesabına yaşadığı sirr deyil. İndi isə Nikol Paşinyan Avropa dairələrinin köməyinə güvənərək, yardım istəməsi də ölkənin iflas həddində olduğunu aydın şəkildə görmək mümkündür.

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, bu ölkə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı, dərin düşüncəli rəhbər olmadığını bildirib: “Quyuya su tökməklə, quyu dolmaz. Paşinyanın siyasət deyilən məsələdən xəbəri yoxdur. Fikir vermisinizsə, “Exo Moskvı” televiziyasına verdiyi müsahibəsində Paşinyan deyirdi ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, orada müharibə getmir. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi və xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəməyəcəm. Baxın, N.Paşinyanın fikirləri bir-birinə zidd mövqelidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə sən dərin düşüncəli yox, əksinə, dayaz düşüncəli adam olduğunu sübut etmisən. İkincisi, onun oğlunun hərbi xidmət yaşı Ermənistan qanunlarına görə, 4-5 il bundan qabaq keçib. Görürsünüz, Paşinyan oğlunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə xidmət etməyə göndərməklə, sadəcə, radikallar qarşısında siyasi xal yığmağa ümid bəsləyir”.

M.Əhmədoğlunun sözlərinə görə, erməni radikallar da başa düşürlər ki, Paşinyan oğlunun adından manipulyasiya edir: “Mənim şəxsən oxuduğuma görə, N.Paşinyanın oğluna Xənkəndidə kirayə mənzil axtarırlar ki, orada yaşasın. Adı olacaq ki, guya Paşinyanın oğlu Dağlıq Qarabağda xidmətdədir. Məsələ aydındı ki, hərbi xidmət adı altında kef edəcək”.

M.Əhmədoğlu onu da bildirdi ki, beynəlxalq məhkəmələrdə ən vacib məsələ Azərbaycan tərəfdən Ermənistanın Dağlıq Qarabağa müdaxiləsi sübut edilən arqumentlər və faktlardır: “Mən 10-15 il qabağın faktlarını deyirəm. İndi ən yaxşı sübut və fakt əlimizdədir. N.Paşinyan Ermənistan vətəndaşıdır və baş naziridir. Oğlunun Ermənistan vətəndaşı olaraq Dağlıq Qarabağda xidmət keçməsi, o deməkdir ki, Dağlıq Qarabağ müstəqil deyil, amma İrəvan tərəfindən idarə olunur. Bu fakt beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyini xeyli yaxşılaşdırdı. Kəşfiyyatçılarımız nə edəcək və nə iş görəcək, bilmirəm, amma bu, arzuolunandır ki, hüquqşünaslarımız məhz N.Paşinyanın oğlunun Dağlıq Qarabağda xidmət keçməsi və Dağlıq Qarabağın İrəvandan idarə edilməsi faktını beynəlxalq məhkəməyə versin. Bu çox vacib məsələdir. N.Paşinyan bu hərəkətləri ilə nə qədər qanmaz, savadsız olsa da, o, başa düşür ki, Prezident İlham Əliyevlə görüşməsi onun səviyyəsinə uyğun deyil”.

Politoloq onu da bildirib ki, digər tərəfdən, Azərbaycanın yürütdüyü uğurlu təcrid siyasəti Ermənistan üçün artıq ciddi problemdir: “Bakı açıq bəyan edir ki, işğal davam etdikcə, Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edəcək. Əslində, bu siyasət öz nəticəsini verib, belə ki, düşmən ölkədə kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Belə vəziyyət, eyni zamanda, Ermənistanın yeni rəhbərliyinə bir siqnaldır. Bu ölkəyə başçılıq edən istənilən şəxs bilməlidir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq”.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükə altına alır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, İrəvanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

A.Səmədova

Digər xəbərlər