Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası görəcəyi işlər açıqlanıb. Bu barədə SİA-ya açıqlama verən Komitə üzvü, deputat Eldəniz Səlimov bildirib ki, komitə yaz sessiyası müddətində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsini birinci oxunuşda müzakirə edəcək.O bildirib ki, layihənin əsas mahiyyəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sisteminin, habelə onların fəaliyyəti üçün konstitusion hüquqların, sosial və digər təminatların tənzimlənməsindən ibarətdir: “Xüsusilə qeyd edim ki, yaz sessiyası müddətində İşlər planımıza uyğun olaraq Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirlərinin təşkili, Gənclər və idman sahəsində dövlətlərarası orqanların Azərbaycanla bağlı fəaliyyətinə Komitənin cəlb olunmasının təmin edilməsidir”.E.Səlimov söyləyib ki, yaz sessiyası dövründə komitə tərəfindən Xocalı soyqırımının 27 illiyinə həsr olunmuş ictimai (fəal gənclər və Gənclər təşkilatları ilə görüş), 5 Mart Bədən Tərbiyəsi və idman gününə həsr olunmuş ictimai dinləmələr (Fəal idman klubları və federasiyaları ilə görüş) keçiriləcək: “Bundan başqa hədəfimiz Prezident İlham Əliyevin Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq idman və bədən tərbiyəsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili olacaq”.
sia.az