"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri reallaşdı. Onlar əvvəlcə Ermənistanda oldular, daha sonra Azərbaycana səfər etdilər. Həmsədrlər hər iki dövlətin rəhbərliyi ilə görüşlər keçirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də həmsədrləri qəbul etdi. Bu səfər ATƏT sədrinin regiona səfəröncəsi baş verən bir səfər idi. Bu baxımdan diqqətdən yayınmayan bir hadisə idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, ATƏT-in Slovakiyadan olan sədri özünün münaqişə ilə bağlı mövqeyini də açıqlayıb ki, o hər zaman həmsədrlərlə görüş keçirir və inanır ki, onun sədrliyi dövründə münaqişənin həlli ilə bağlı müəyyən müsbət proseslər daha da stimullaşa bilər: "Biz bu səfərə qiymət verərkən onu qeyd edək ki, əvvəla yeni təkliflər yoxdur. Yəni yeni təkliflərlə həmsədrlər regiona gəlməyiblər. Ortada yenə də Madrid prinsipləridir. Həmin Madrid prinsiplərinə görə də münaqişə mərhələli şəkildə həllini tapmalıdır. Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtması, sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələsinin müzakirə edilməsidir. Yəni yanaşma budur. Bundan fərqli təkliflər ortada yoxdur. Təbii ki, Azərbaycanın da bu məsələdə mövqeyi bəllidir və Azərbaycan münaqişənin həlli ilə bağlı Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyətin verilməsi Azərbaycan tərəfinin razı olduğu şərtdir. Bundan savayı heç bir həll yolundan söhbət gedə bilməz. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Amma bununla yanaşı münaqişənin həlli ilə bağlı müəyyən müsbət tendensiyalar var.Əvvəla dövlət başçımız cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında artıq üç dəfə görüş keçirilib. Eləcə də dörd dəfə xarici işlər nazirlər səviyyəsində görüşlər keçirilib. Eyni zamanda bu görüşlərin intensivliyi və hər iki tərəfin ümumi yanaşması budur ki, artıq xalqları sülhə hazırlamaq lazımdır. Bunu Azərbaycan tərəfi də təsdiqləyir və Ermənistan tərəfi də eyni mövqedə olduğunu ifadə edir. Beləcə müəyyən müsbət impluslar gəlməkdədir. Beləki Ermənistan KİV-lərində yayılan məlumatlara görə, son zamanlar işğalçı ölkənin rəsmi KİV-lərində və televiziyalarında bir zamanlar azərbaycanlılar və ermənilərin bir qonşu halda yaşadıqları, bir-biri ilə normal münasibətlərdə olduqları haqqında informasiyalar yayılır, verlişlər və proqramlar göstərilir. Təbii ki, bunu erməni mətbuatı yazır. Bu kimi müəyyən pozitiv irəliləyişlər var. Xüsusilə də Ermənistan-Azərbaycan qoşunlarının həm təmas xəttində, həm də sərhəd boyunca atəşkəs rejiminin maksimum qorunub saxlanması tendensiyası diqqətdən yayınmır. Yəni bunlar müsbət proseslərdir. Ona görə də hesab edirəm ki, həmsədrlərin regiona səfəri zamanı nələrki əldə edilib onun qorunub saxlanması və inkişaf etdirilməsi əsas səbəblərdən biridir”.
sia.az