“Bu, xalqımızın daim öz Prezidentinin yanında olması və Prezidentimizin hər zaman öz xalqına güvənməsinin bariz göstəricisi idi”. Bu fikirləri SİA-ya Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümündə keçirilmiş ümumxalq yürüşünü şərh edərkən deyib.Onun sözlərinə görə, on minlərlə insanın Prezident İlham Əliyevin arxasınca gedərək Xocalı soyqırımında şəhid olmuş insanlarımızın ruhlarını yad etməsi həm də beynəlxalq aləmə edilən bir çağırış idi: “Bilirik ki, artıq bir neçə illərdir dünyada “Xocalıya ədalət” kampaniyası keçirilir, 20-ci əsrin sonlarında baş vermiş bu qanlı faciəni törədən erməni cəlladlarının ifşası istiqamətində həm dövlətimiz, həm millət vəkillərimiz, həm də fəal ictimaiyyət nümayəndələrimiz tərəfindən mütəmadi işlər aparılır. Prezident İlham Əliyev çıxış etdiyi bütün beynəlxalq tribunalarda bu həqiqətləri dünyanın aparıcı siyasi qurum və təşkilatlarına çatdırır. Əbəs deyil ki, artıq bir sıra dövlətlər, həmçinin parlamentlər, nüfuzlu təşkilatlar Xocalı hadisəsini soyqırımı aktı olaraq tanıdıqlarını bəyan ediblər.O cümlədən, ölkəmizin birinci xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsi ilə bu kampaniyada yorulmaz işlər həyata keçirməklə, xalqımızın ədalət çağırışını dünyaya çatdırır. Əlbəttə, məhz bunun nəticəsidir ki, xalqımız görülən işləri yüksək dəyərləndirir”.“Xalqımızın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev Rusiyanın nüfuzlu Rossiya 24 telekanalına verdiyi müsahibəsində də vurğuladı ki, Xocalı azərbaycanlılar üçün sağalmaz dərddir və o cümlədən, soyqırımı olmaqla yanaşı, ötən əsrin ən böyük cinayətidir”, deyə qeyd edən millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı bəyan edib ki, törədilən erməni vəhşiliyi nəticəsində günahsız qocalar, uşaqlar, qadınlar öldürülüblər və belə bir faciənin bir daha təkrarlanmaması üçün, bu kimi ümummilli yürüşlər həyata keçirilməkdədir: “Bu, həm də Prezident İlham Əliyev cənablarının dünyaya etdiyi sülh çağırışı idi. O, bununla bəyan edib ki, daha heç vaxt bənzər hadisələrin yaşanmasın”.Aqiyə Naxçıvanlı əlavə edib ki, Azərbaycan dövləti hər zaman öz xalqının yanındadır və bir həqiqətdir ki, Prezident İlham Əliyev Rusiya telekanalına verdiyi müsahibəsində Xocalı hadisələrində mənəvi zərbələr almış insanların daim diqqətdə saxlanıldığını vurğulayıb: “Dövlətimizin rəhbəri qeyd edib ki, bu adamların aqibətini yüngülləşdirmək üçün Azərbaycan dövləti əlindən gələni edir, dövlət onlara kömək edir və bundan sonra da edəcək. Bəli, düşünürəm ki, bu gün dövlətimizin apardığı uğurlu sosial siyasət məhz ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Hər bir vətəndaş dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, eləcə də Xocalı soyqırımından əziyyət çəkmiş, mənəvi-psixoloji zərbələr almış vətəndaşlarımız da həmin qayğını üzərlərində hiss edirlər”.“Öz dövlətini, xalqını, Vətənini sevən azərbaycanlılar isə bu reallıqları dərk edir, yürüdülən siyasətə dəstək olur”, deyən millət vəkili sonda bildirib ki, bu eyni zamanda, xalq-iqtidar birliyinin bariz təcəssümüdür: “Bu birliyin davamlı olması üçün xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməli, dövlətimizin qüdrətinin artırılması yönündə öz töhfələrini verməyə davam etməlidir”.
sia.az