PDF Oxu

Siyasət

  • 4 060

"Zurabişvili Avropa siyasi mətbəxindən xəbərdardır" ÖZƏL-RƏY

"Zurabişvili Avropa siyasi mətbəxindən xəbərdardır" ÖZƏL-RƏY

“Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dost və qonşu ölkələr arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərdi. Əslində iki ölkə arasında olan münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir. Biz elə bir mürəkkəb regionda və elə bir coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daima yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seçkilərdən sonra Gürcütan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanıldılar”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, Salome Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir: “O, Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanları qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də separatçılıq əhval- ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar da olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz. Ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əslində xanım Prezidenti Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır. S.Zurabişvili də diqqəti məhz bu məsələlərə çəkərək, hər iki xalqın XX sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi xatırlatdı. Ancaq hazırki mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektivlər yarada bildiyini də etiraf edərək bildirdi ki, “düşünürəm ki, bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var”.Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı bir nailiyyət Gürcüstan üçün də yaxşı president yarada biləcək. Elə bu kontekstdə də digər iqtisadi və kommunikasiya layihələri məsələsində də Azərbaycanın uğurları daima Gürcüstana strateji faydalar gətirib və əlbətdə bunu gözardı etmək mümkün deyil. S.Zurabişvili də məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim etdi. Hazırda enerji və nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perspektivli investisiya mühiti və ölkəmizin Gürcüstanda həm də birbaşa investor kimi çıxış etməsi bu münasibətləri daha da inkişaf etdirməyi zəruri edir və bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək”.

sia.az

Digər xəbərlər